“Məsih” kimə deyilir və bu sözün mənası nədir?
Dini mətnlərdə, o cümlədən Qurani-kərimdə “məsih” Həzrət İsa Peyğəmbərin (ə) ləqəbi kimi işlədilir. Ərəb dilindən tərcüməsi “məsh edilmiş, üzərinə əl sürtülmüş” deməkdir. İbrani (qədim yəhudi) dilindəki “meşşiax” kəlməsindən qaynaqlandığı ehtimal edilir. İbrani dilində “meşşiax” – “alnına müqəddəs yağ surtulmuş”, “nişan qoyulmuş” mənasını bildirir. Qədim ənənəyə görə, pad-şahlığa gətirilən şəxsin alnına ətirli zeytun yağı sürtərdilər. Bu, həmin adamın hakimiyyətə seçilməsinin əlaməti sayılırdı.
Bu sözün ərəb dilində “səyahət edən, gəzən” mənası verdiyini də bildirirlər. Bu da Həzrət İsa Peyğəmbərin (ə) daimi yaşayış yeri olmadan şəhərdən-şəhərə gəzərək öz təlimini yayması ilə əlaqələndirilir.
“Məsih” sözünü yəhudi dilindəki “maşiyax” (xilaskar) kəlməsinin ərəbləşdirilmiş variantı da hesab edirlər.