Fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, İslamşünaslığın Tədrisi və Tədqiqi Elmi Mərkəzinin rəhbəri Əsədulla Qurbanov dünənki qəzetlərdən birinə verdiyi açıqlamasında dini maarifçilikdən danışarkən Azərbaycanda Quranın uşaqlar üçün variantının olmamasına da irad tutub. "Nə üçün xristianların ardıcılları üçün "Uşaq bibliyası" kitabı olsun, "Uşaq Quranı" olmasın?" deyə Ə.Qurbanov sual edib.
Elə bu sualla da "Media forum" saytı mütəxəssislərə müraciət edib. Bakı İslam Universitetinin rektoru Sabir Həsənli indiyə qədər Azərbaycanda belə bir kitabın hazırlanmamasını bu cür nəşri hazırlaya biləcək müəllifin ortaya çıxmaması ilə əlaqələndirib: "Uşaq Quranı" çox peşəkarcasına tərtib edilməli, üstəlik şəkilli, illüstrasiyalı olmalıdır. Zaman-zaman bu cür təşəbbüslər ortaya çıxıb, amma söz səviyyəsindən o yana keçməyib. İndiyədək nə bir uşaq yazarı, nə də islam, din xadimi bu işi öhdəsinə götürüb. Açığı, heç mən özüm də təsəvvür edə bilmirəm ki, üzdə olan tədrisçi islamçılardan bu işi kim reallaşdıra bilər".
Sabir Həsənli hesab edir ki, belə bir kitabın hazırlanmasında dini, Qurani-Kərimi gözəl bilən, uşaq psixologiyasına bələd olan, ayələri uşaq dilində çatdırmağı bacaran yüksək səviyyəli mütəxəssislərdən ibarət müəlliflər heyəti iştirak etməlidir: "Eyni zamanda kitaba rəssamlıq edəcək şəxslərin də dini bilgiləri olmalıdır, orada hər bir cizginin özünün mənası olacaq deyə buna çox peşəkarcasına yanaşmağı bacarmalıdır".
Bu işin çox məsuliyyətli bir iş olduğunu deyən Hacı Sabir bildirir ki, məsələ ətrafında polemika yaranarsa, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası da öz münasibətini bildirə bilər. Bakı İslam Universiteti rektorunun sözlərinə görə, Quranın uşaqlar üçün versiyasının hazırlanmasına qərar verilərsə, Qafqaz Müsəlmanları İdarəsi ilə Təhsil Nazirliyi bu işdə yaxından iştirak etməlidir və əsas məsuliyyət də bu qurumların üzərinə düşməlidir: "Belə bir kitabın tərtibində iştirak edən müəlliflərin işinə Qafqaz Müsəlmanları İdarəsində fəaliyyət göstərən Elmi-Dini Şura rəy verə bilər. Həmin şurada çox təcrübəli mütəxəssislər, akademiklər var".
Bakı İslam Universitetinin islamşünaslıq fakültəsinin dekanı Fuad Nurullayev isə Quranın uşaqlar üçün ayrıca versiyasını hazırlamağın əleyhinədir. O hesab edir ki, Quranı dəyişmək olmaz və nə qocalar, nə cavanlar, nə də uşaqlar üçün ayrıca Quran mövcud ola bilməz.
"Uşaq Bibliyası"nın olmasını Fuad Nurullayev belə izah edir ki, tarixdə çoxlu sayda İncil mövcuddur və onlardan yalnız dördü xristianlar tərəfindən qəbul olunub: "Həmin dörd İncil də bir-birindən nisbətən fərqlənir, yəni onlar müəyyən qədər təhrif edilib, qələmə alanlar onların hər birinə öz bildiklərini yazıb. Quran isə bir cürdür və bütün insanlığı əhatə edir. O nağıl kitabı deyil. Quran düşünən insan üçündür. Uşaqları tərbiyə etmək üçün isə peyğəmbərimizin buyurduqlarını, hədisləri toplayıb sadə dildə kitabçalar nəşr etmək olar. İslam ölkələrində belə kitablar var. Həmin kitabların da kökü Qurandan başlayır, Qurandakı ayələrə əsaslanır. Yəni o kitabların vasitəsilə Quranı uşaqlara başa salmaq mümkündür".
DEVAMM rəhbəri İlqar İbrahimoğlu öncə qeyd edir ki, "Uşaq Quranı" anlamı yoxdur: "Bunu belə ifadə etmək olar: uşaqların anlaya biləcəyi dildə, şəkillərlə, illüstrasiyalarla uşaqlar üçün Quranla tanışlıq ədəbiyyatının hazırlanması".
İbrahimoğlu belə bir ədəbiyyatın olmamasını ölkədə dini maarifçilik sahəsindəki çatışmazlıqların nəticəsi kimi qiymətləndirir: "Sövet dönəmindən qalma dini maarifçiliklə bağlı qurumlar nəinki öz vəzifələrini yerinə yetirmirlər, hətta ortaya çıxan bir çox təşəbbüslərə xoşagəlməz münasibət göstərirlər. Telekanallarda dini maarifçilik verilişlərinin qarşısı alınır. İslami maarifçilik yükü daşıyan dini ədəbiyyatın yayılması üçün ölkədə lazımı şərait yoxdur və Quranı uşaqlara çatdırmaq üçün lazımi nəşrlərin hazırlanmaması da bunun tərkib hissəsidir".
DEVAMM rəhbərinin fikrincə, ölkədə belə bir ədəbiyyatı hazırlaya biləcək kifayət qədər mütəxəssis var, sadəcə onlar səfərbər olunmalı, məsələni reallaşdırmaq üçün şərait yaradılmalıdır: "Bu, kimlərinsə fərdi təşəbbüsü ilə həyata keçiriləcək bir iş deyil, bu işi görən insanların dairəsi yetərincə əhatəli olmalıdır".
İlahiyyatçı Elşad Miri Quranın ayrıca uşaqlar, böyüklər üçün ola bilməsini məqbul hesab etmir: "Ən əvvəl uşaqlar üçün onlara Allahı tanıda biləcək, yaradılışdan bəhs edən kitablar hazırlanmalıdır. Təəssüflə qeyd edim ki, bizdə belə kitablar hazırlamaq əvəzinə tərcümə etmək yolunu tutblar. Türkiyə Dayanət Vəqfi Anadolu türkcəsində nəşr etdiyi belə kitabları artıq azərbaycancaya tərcümə etdirməyə başlayıb. Kitab "Mənim peyğəmbərim" adlanır".
E.Miri ümidvardır ki, Azərbaycanın özünün din xadimləri, uşaq psixoloqları, maarifçiləri də bu cür kitablar ortaya qoya biləcək: "Həqiqətən Azərbaycanda dini maarifçilik, xüsusən də uşaqların din barədə maariflənməsi sahəsində boşluq var və bunun da yeganə səbəbi ondadır ki, bizim orta məktəblərdə dinin tədrisi aparılmır".