Niyə Aşura günündə İmam Zeynül-abidin (ə) savaşmadı və şəhid olmadı?
Aşura faciəsi zamanı İmam Zeynül-abidinin (ə) 22 yaşı vardı, lakin xəstə olduğuna görə döyüşdə iştirak etməmişdi. Rəvayətə görə, Aşura günündə hətta ayaq üstə durmağa taqəti yox idi. Şiə mənbələrində imamət missiyasının davam edə bilməsi və Aşura hədəflərinin yaşaması üçün Allah tərəfindən o həzrətə bu müvəqqəti xəstəliyin verildiyini yazırlar. Doğrudur, o zaman İmam Mühəmməd Baqir (ə) doğulmuşdu, amma hələ 4 yaşı tamam olmamışdı və o cür məsuliyyətli şəraitdə imamət vəzifəsini icra etməyə hazır deyildi. İmam Zeynül-abidin (ə) Aşura faciəsindən sonra əsir düşmüş qadın və uşaqlarla birlikdə əvvəlcə Kufəyə, oradan Şama (Diməşqə) aparıldı. O, həm yol boyunca, həm Kufə valisi Übeydullah ibn Ziyadın hüzurunda, həm də Yezidin Diməşqdəki sarayında atəşin xütbələr söyləyir, Kərbəla faciəsinin mahiyyətini insanlara açır, zalım Əməvi hökumətinin iç üzünü ifşa edirdi.