Bürclərə inanmaq doğrudurmu?
Bəzi dini və qeyri-dini mənbələrdə bürclərin insan həyatına və yer üzərində baş verən hadisələrə təsir etdiyi barədə məlumatlar olsa da, ümumilikdə dinimiz bu fikri doğru saymır. Bəzi planetlərin Yerdəki təbii proseslərə təsir etməsi inkaredilməzdir. Məsələn, Ay okeanlardakı qabarma və çəkilmə proseslərinə təsir edir. Lakin göy cismlərinin yerə təsirini başqa istiqamətə yozmaq, bürclərin insan taleyinə təsir etməsinə, hər kəsin bəxtinin səmadakı “öz” ulduzundan asılı olmasına, uğurlu və nəhs saatların mövcudluğuna inanmaq dinimizə görə batildir. Bu kimi məsələlərə inanmaq həm insanın əqidəsini korlayır (son mənada onu şirkə kimi aparıb-çıxara bilər), həm də onun diqqətini daha mühüm məsələlərdən yayındırır, vaxtını alır. “Nəhcül-bəlağə”nin 78-ci xütbəsində İmam Əlinin (ə) münəccimə tutduğu irad buna sübut ola bilər.