İran nüvə proqramı ilə bağlı aparılan danışıqları bu ilin avqust ayının sonuna qədər dondurub. APA-nın AFP-yə istinadən xəbərinə görə, bu sensasion bəyanatı İran prezidenti Mahmud Əhmədinejat yerli İRİNN telekanalı ilə çıxışında səsləndirib
İran prezidenti danışıqlardakı fasilənin "Qərbi nizam-intizama salmaq" məqsədilə əsaslandırıb. O, danışıqları davam etdirmək üçün bir sıra şərtlər də irəli sürüb: "Bu şərtlər danışıqların davam etdirilməsi üçün maneə deyil, əksinə, dialoqun daha düzgün istiqamətdə getməsinə təkan verəcək".
Mahmud Əhmədinejat "Tehran bəyannaməsi" adlı prosesin iştirakçılarının tərkibini dəyişdirməyi də təklif edib: "Əgər bir tərəfdə Fransa, Rusiya və ABŞ-dırsa, digər tərəfdə İran, Türkiyə və Braziliya olmalıdır".
Bundan başqa, İran prezidenti tərəfləri İsrailin indiyədək inkar etdiyi nüvə proqramı ilə bağlı mövqelərini konkretləşdirməyə çağırıb: "Nüvə silahlanmasının inkişafı bu gün üçün çox axmaq tendensiyadır. Biz israrla tərksilah yolundayıq".