Quranda buyurulur: “Sizdən elə bir kəs olmaz ki, oraya (cəhənnəmə) varid olmasın”. Bu ayənin mənası nədir?
Qurani-kərimin Məryəm surəsinin 71-ci ayəsində buyurulur: “Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür”. Təfsirlərdə qeyd edilir ki, burada bütün məhşər əhlinin sırat körpüsü üzərindən keçməsinə işarə edilir. Cəhənnəmə layiq olanlar həmin körpünün üstündən cəhənnəmin içinə yuvarlanacaqlar. Cənnətə layiq oanlar isə sırat körpüsündən öz əməllərinə uyğun olan bir sürətlə keçəcəklər. Əsil möminlər bu məsafəni işıq və ildırım sürəti ilə, daha az imana və savaba sahib olanlar bundan bir qədər yavaş sürətlə qət edəcəklər. Elələri də olacaq ki, sırat körpüsünü sürünə-sürünə keçəcək. Beləliklə, əslində hamı cəhənəmin üstündən keçmiş, yəni oraya varid olmuş sayılacaq. Bunun bir səbəbi budur ki, bəzi günahkarlar sırat körpüsü üzərində öz günahlarını yuyacaqlar. Başqa bir səbəb bundan ibarətdir ki, cənnətə gedənlər cəhənnəm əzabını seyr edib, onlara verilən mükafatın qədrini daha yaxşı biləcəklər.