Qəza orucu və qəza namazı olan adam müstəhəb oruc tuta və müstəhəb namaz qıla bilərmi?
Cəfəri məzhəbində əksər müctəhidlərə görə, qəza orucu olan adam müstəhəb orucları tuta bilməz. Əvvəlcə öhdəsində olan qəza oruclarını tutmalı, sonra müstəhəb oruclara keçməlidir. Amma qəza namazları olan adam müstəhəb namaz da qıla bilər. Bunun şəriət baxımından maneçiliyi yoxdur. Amma yenə də tövsiyə olunur ki, insan ilk növbədə qəza ibadətlərini yerinə yetirsin, sonra müstəhəbbata keçsin. Çünki ömrə vəfa yoxdur və əcəlin nə zaman yetişəcəyini bilmirik. İlk növbədə boynumuzda vacib olan ibadətləri icra etməliyik ki, axirətdə məsuliyyətimiz olmasın.