Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) "İslam sülhün və qardaşlığın rəmzidir" adlı layihə çərçivəsində Bakıdan Məkkəyə piyada gedən iki üzvü - Şahid Qurbanov və Sahib Kazımovun Türkiyədən Suriyaya keçməsində problem yaranıb. Marafon iştirakçısı Şahid Qurbanov APA-ya bildirib ki, Türkiyə rəsmiləri və Suriyanın bu ölkədəki səfirliyi onların bu istiqamətdə hərəkət etməsinin təhlükəli olduğunu deyiblər. Ş.Qurbanov isə marafonun davam etdirilməsində israrlı olduqlarını söyləyib.
Qeyd edək ki, sentyabrın 21-də Bakıdan çıxan Ş.Qurbanov və S.Kazımov Azərbaycan, İran, Türkiyə, Suriya, İordaniya, Səudiyyə Ərəbistanını və Küveyti keçməklə, ümumilikdə 9,2 min kilometr məsafə qət edərək, Məkkədə Kəbə evini ziyarət edəcəklər. Marafon 9 ay çəkəcək. I piyada marafonu isə 2006-cı il sentyabrın 1-də həyata keçirilib. Marafon iştirakçısı olan Şahid Qurbanov Bakı-Məkkə yolunu tək qət edərək, Kəbə evini ziyarət edib. Həmin marafon 4 ay çəkib.