Bəzi mənbələrdə Dədə Qorqudun səhabə olduğu bildirilir. Bu fikrin əsası varmı?
“Kitabi-Dədə Qorqud” bu cümlə ilə başlanır: “Rəsul əleyhissalam zamanına yaxın Bayat Boyundan Qorqud ata deyərlər bir ər qopdu”. Məşhur türk alimi Fuad Köprülü Dədə Qorqudun İslam dinini öyrənmək üçün birinci xəlifə Əbu Bəkr zamanında Türküstandan Ərəbistana gəldiyini və xəlifə ilə görüşüb İslam dinini qəbul etdiyini yazır (Köprülü, Fuad. Türk edebiyatında ilk mutasavvıflar. Ankara, 1976, s.19). Bəzi mənbələrdə isə Dədə Qorqudun məşhur səhabə Salmani-farsi tərəfindən təyin edilmiş şeyx olduğu bildirilir (Dədə Qorqud kitabı. Ensiklopedik lüğət. Bakı, 2004, s.176).