Braziliyanın San-Paulu çtatının sahillərindən cəmi 35 kilometr kənarda, Atlantik okeanda yerləşən bu ada ilk baxışdan insanı valeh edir. Amma xoşbəxtlikdən bu adaya nəinki turistləri, ümumiyyətlə heç kimi buraxmırlar. Amma kim bilir, bəlkə də istəyinizdə israrlı olsanız, sizə o adaya ayaq basmağa icazə verərlər. Amma böyük ehtimalla bunun üçün siz bir sənədə imza atmalı olacaqsınız: vaxtsız ölümünüzə görə heç kimin müqəssir sayılmamasına dair...
Keymada-Qrandi – dünyanın ən təhlükəli ilanlarından hesab edilən ada botropsunun məskən saldığı yer. Bu sürünənin zəhəri əzələ və toxumaların sürətlə çürüməsinə gətirib çıxarır. Özü də bu çürümə ilanın sancdığı yerdən ta sümüklərə qədər davam edir. Bu prosesin hansı ağrılarla müşahidə olması haqqında danışmaq artıq olardı. Amma nəticə həmişə eynidir – qaçılmaz ölüm. Bu da anlaşılandır. Botrops insularis-in zəhəri dünyanın ən dəhşətliləri sırasında ön yerlərdən birini əbəs yerə tutmur.
Deyilənə görə bir zamanlar adada mayak fəaliyyət göstərib və qurğuya nəzarət edən xüsusi personal olub. Amma bir gecə ilanlar mayaka hücum ediblər və bir nəfər belə canını qurtara bilməyib. Bu hadisədən sonra mayak avtomatik rejimdə fəaliyyət göstərir.
Adanın 1 kvadrat metrinin payına 1-dən 5-ə qədər ilan düşür, ağacların budaqlarından isə bu sürünənlər dəstə-dəstə asılı vəziyyətdədir. İlanlar adaya enən köçəri quşlarla qidalanırlar.
Keymada-Qrandi planetdə ilanların insanları sıxışdırıb ərazini tərk etməyə məcbur qoyduqları yeganə məkandır.


