Fələstinin Qəzza zolağına humanitar yardım aparan "Azadlıq donanması"ndakı gəmilərdən birində olan və İsrail hərbçiləri tərəfindən saxlanılan Azərbaycan vətəndaşları bu gün Vətənə dönüblər.
APA-nın məlumatına görə, Cəbrayıl sakini Qaraoğlan Quliyev jurnalistlərə açıqlama verməsə də, Beyləqan sakini Məhərrəm Orucov Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərlə qısa söhbət edib. 3 ildir, Türkiyədə şəxsi "Dəfnə" gəmisində işlədiyini deyən M. Orucovun sözlərinə görə, onlar Qəzzaya humanitar yardım apararkən İsrail hərbçiləri tərəfindən saxlanılıblar: "Gəmimizi Qəzzaya girmək istəyərkən saxladılar. Gəmiyə heç bir silahlı hücum olmadı, sadəcə, bildirdilər ki, Qəzzaya girmək üçün icazəmiz yoxdur. Bizim gəmidəkilər də İsrail hərbçilərinə heç bir müqavimət göstərmədilər".
M. Orucov gəmlərində hər hansı silah və silahlı şəxs olmadığını bildirib. İsrail hərbçiləri əvvəlcə onları Aşdot, oradan isə Tel-Əvivə gətiriblər. M. Orucov Tel-Əvivdə normal şəraitdə saxlanıldıqlarını da sözlərinə əlavə edib.
Qeyd edək ki, Azərbaycan vətəndaşları İsraildən Bakıda Tel-Əviv-Bakı birbaşa təyyarə reysi ilə yola salınıblar.