Bakının Nardaran qəsəbəsinin İmam Hüseyn meydanında Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan, aralarında Türkiyə gəmisinin də olduğu gəmi karvanına İsrail hərbçiləri tərəfindən silahlı hücum edilməsinə etiraz olaraq aksiya keçirilib.
APA-nın Nardaranda olan əməkdaşının məlumatına görə, aksiyada kənd sakinləri Hacı Əli Hüseynov, Ataməli Nur, Hacı Əlikram Əliyev, İslam Partiyasının sədr müavini Hacı Vaqif Abdullayev və başqaları çıxış ediblər.
Çıxışlarda ""Azərbaycan Türkiyənin dostudur, qardaşıdır" deyənlər, Sabir Rüstəmxanlı, İsa Qəmbər indi hardadır?", "Dünya Azərbaycanlıları Konqresi niyə indi Türkiyəni müdafiə edən bəyanatlar vermir?" kimi fikirlər səsləndirilib. Qeyd olunub ki, bu aksiya Türkiyəni müdafiə üçün təşkil olunub.
Aksiyada "İsrailə ölüm!", "Amerikaya ölüm!", "Allahu -əkbər!" "Azərbaycan bir olsun, Türkiyəyə dəstək olsun!" "Qarabağ Fələstinin davamıdır!", "Ermənistana ölüm!" "Azərbaycan oyaqdır, Türkiyəyə, Fələstinə dayaqdır!" şüarları səsləndirilib.
Aksiya iştirakçıları Azərbaycan, Türkiyə, Fələstin bayraqlarını qaldırıb, İsrail bayraqlarını isə ayaq altına atıblar.
Aksiyanın sonunda İsrail, ABŞ, Fransa, Böyük Britaniya və Ermənistan bayraqları yandırılıb.