Azərbaycan İranın Ərdəbil əyalətində nəqliyyat yollarının yenidən qurulması və tikintisi işlərini həyata keçirməyə hazırdır.
APA-nın "İRNA"ya istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycanın "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov Ərdəbil əyalətinin ostandarı Mənsur Həqiqətpurla görüşdə deyib.
C.Qurbanov qeyd edib ki, Azərbaycan Ərdəbil əyalətinin Germi şəhərinə gedən nəqliyyat yolunun sərhədə qədər olan hissəsini tikməyə hazırdır: "İran hökumətinin bank zəmanəti olduğu təqdirdə, Azərbaycan dövləti Ərdəbil əyalətinin bütün yollarını, o cümlədən dəmir yollarını tikməyə hazırdır".
Öz növbəsində M.Həqiqətpur İran-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu deyib. O bildirib ki, Meşkin və Germi şəhərlərində müxtəlif sahələrdə müştərək layihələrin işlənməsi və həyata keçirilməsini gələcəkdə iki ölkənin münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.