Bu gün Lənkəran şəhərindəki Şəhidlər Xiyabanının ərazisində İsrail əleyhinə etiraz aksiyası keçirilib
APA-nın cənub bürosunun məlumatına görə, aksiyanın keçirilməsi üçün Lənkəran şəhər İcra Hakimiyyətinə rəsmi müraciət olunsa da, tədbirə icazə verilməyib. Bununla belə, 200-ə yaxın yerli sakin Lənkəran şəhidlərinin uyuduğu xiyabana yürüş edərək Qəzzaya humanitar yardım apararkən İsrail əsgərləri tərəfindən qətlə yetirilənlərin xatirəsini yad ediblər. Aksiyada "İsrail, stop!", "Allah İsrailə lənət eləsin!", "Terrora stop!", "Biz humanist Türkiyə xalqına dəstəyik!", "Türkiyə, biz səninləyik", "Bir millət, iki dövlət. Azərbaycan-Türkiyə!" şüarları səslənib. Çıxışlarda İsrailin əməlləri birmənalı şəkildə pislənilib.
İnsidentsiz keçən aksiyanın sonunda lənkəranlılar adından bəyanat qəbul edilib.