Qafqaz Müsəlmanları İdarəsi İsrail ordusunun Qəzza zolağına yardım aparan Türkiyə gəmilərini atəşə tutması faktını pisləyən bəyanat yayıb
QMİ-dən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, beynəlxalq sularda beynəlmiləl tərkibli könüllülərdən ibarət "Azadlıq" donanmasının sülhməramlı heyət üzvlərinə İsrail hərbçiləri tərəfindən təcavüz edilməsi xəbəri Azərbaycan vətəndaşlarını da hədsiz sarsıdıb: "Blokadada olan Qəzza sakinlərinə humanitar yardım aparan gəmi karvanına qarşı beynəlxalq hüquqa uyğun gəlməyən rəftar nümayiş etdirilməsi təmsil etdiyimiz bölgənin müsəlmanlarının hiddətinə səbəb olub.
Bəşər övladına göndərilmiş bütün səmavi dinlər insanların bir-birinə mərhəmət göstərməsini, çətinlik çəkənlərə yardım edilməsini vacib buyurur. Beynəlxalq hüquq da bu humanist prinsipləri təsbit edir. Belə olan halda illərlə mühasirədə saxlanılan, dünyadan təcrid edilmiş, faktiki olaraq yaşam hüququndan məhrum olunmuş Qəzza bölgəsinə yardım etmək məramı ilə səfərə çıxmış beynəlmiləl heyətə - dinc insanlara qarşı zor işlədilməsi, onların həyatına qəsd edilməsi qətiyyən yolverilməz və insanlığa zidd bir addımdır.
Hesab edirik ki, bu xoşagəlməz hadisə ilə bağlı İsrail hökuməti tərəfindən müvafiq ölçü götürülməli, günahkarlar cəzalandırılmalı, fəlakət zonası olan Qəzzaya humanitar yardın aparan bütün yollar təcili açılmalıdır.
İnsanpərvərlik, mərhəmət hissini əsas tutaraq blokadada olan fələstinlilərə yardım apararkən həlak olmuşlara Uca Yaradandan rəhmət, onların qohum və yaxınlarına səbr, yaralılara isə şəfa diləyirik".