Bəzi ərzaq mallarının içində olan hədiyyə kuponlarını verib hədiyyə almaq halaldırmı? Bu da lotereya sayılır ya yox?
Bu cür kuponları toplamaq, sonra təhvil verib hədiyyəni almaq günah deyil və şəriət baxımından bunun maneçiliyi yoxdur. Bunu adi lotereya ilə eyniləşdirmək də düz deyil. Lotereya kağızları heç bir dəyəri olmayan kağızlardır. Minlərlə insan pul verib həmin kağızları alır, amma püşkatma nəticəsində bunların məhdud bir hissəsi uduşa düşür. Qalan lotereyalar isə “batır”, yəni dəyərsiz olur. Beləliklə, bir neçə adam əslində minlərlə insanın pulunu mənimsəmiş olur. Hədiyyə kuponlarında isə heç kimin haqqına girilmir. Adamlar verdikləri pulun müqabilində mal alırlar. Üstəlik, bəziləri əlavə hədiyyə qazanırlar. Bu zaman heç kimin haqqı tapdanmır.