Hənəfi məzhəbinin banisi İmami-əzəm Əbu Hənifənin İmam Cəfər Sadiqdən (ə) dərs alması doğrudurmu?
Hənəfi məzhəbinin banisi İmam Əbu Hənifə Nöman ibn Sabit və maliki məzhəbinin banisi İmam Malik ibn Ənəs bir müddət İmam Cəfər Sadiqdən (ə) dərs almışdılar. Hətta Əbu Hənifə İmam Sadiqdən (ə) dərs aldığı iki ili belə xatırlayırdı: “Əgər bu iki il olmasaydı, Nöman (yəni Əbu Hənifə) həlak olardı”. Bu fakt bir çox kitablarda, o cümlədən, Hindistanın sünni alimlərindən Şah Əbdüləziz Gulamhəkim Dehləvinin qələmə aldığı və İraqın sünni alimi Seyyid Mahmud Şükri Alusinin ixtisar etdiyi “ət-Töhfətül-isna əşəriyyə” kitabında (səh. 8) qeyd edilib: “Həmçinin, əhli-sünnə içində Əbu Hənifədir ki, fəxrlə və ən bəlağətli dillə demişdir: “Bu iki il olmasaydı, Nöman həlak olardı”. Burada “iki il” deyərkən, elm almaq üçün İmam Cəfər Sadiqin yanına gedib-gəldiyi illəri nəzərdə tuturdu”.