Hacı Sabir: "Vəhabilik cərəyanına qoşulmuş gənclərimizi düzgün yola qaytarmağa çalışmalıyıq"
Rəsmi dövlət qəzeti "Azərbaycan" dini mövzuda yazılarını davam etdirir. Bir ay əvvəl – sentyabrın 25-də qəzetdə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin "Qloballaşma dövründə dövlət və cəmiyyət" adlı məqaləsi dərc olunmuşdu. Bundan sonra qəzet "Qloballaşma dövründə dövlət və cəmiyyət" rubrikası altında dini mövzuda kəskin yazılarla çıxış edib.
Sentyabrın 27-də "Azərbaycan"ın baş redaktoru, deputat Bəxtiyar Sadıqovun "Geriyə doğru irəli? Görəsən belə bir paradoksal hal mümkündürmü", oktyabrın 4-də isə qəzetin siyasət şöbəsinin müdiri İxtiyar Hüseynlinin "Təhlükə haradan gəlir? İslam dinini də cahil ruhanilərdən, ekstremist təriqətlərdən və fərdi laqeydliyimizdən qorumaq lazımdır" sərlövhəli yazısı dərc olunub.
Oktyabrın 23-də baş redaktor B.Sadıqov "Media forum"a açıqlamasında demişdi ki, ziyalılar və digər vətəndaşlar sözügedən yazılarda ortaya qoyulan mövqeni dəstəkləyiblər və məhz həmin dəstəyə güvənərək qəzet mövzunu davam etdirəcək.
"Azərbaycan" qəzetinin bugünkü sayında Bakı İslam Universitetinin rektoru Hacı Sabirlə geniş müsahibə dərc olunub. Müsahibədə ölkədəki dini vəziyyət araşdırılıb.
Hacı Sabir son illər Azərbaycanda qeyri-ənənəvi dini qruplaşmaların və təriqətlərin baş qaldırmaq, fəallaşmaq cəhdlərinə təsadüf olunması, bu qruplaşmaların xüsusən gəncləri öz təsir dairəsinə salmaq üçün müxtəlif vasitələrə əl atması barədə suala cavab olaraq deyib ki, ölkəmizə belə dini təriqətlərin ixracı cəhdlərinin arxasında müəyyən dövlətlərin xüsusi xidmət orqanları dayanır: "Azərbaycanda missionerliklə məşğul olan insanlar heç də dərviş deyillər ki, pulsuz-parasız bu təbliğatı aparsınlar. Onların bu təbliğatının arxasında müəyyən dövlətlərin xüsusi xidmət orqanları, eləcə də güclü maliyyə yardımı dayanır".
Hacı Sabir qeyd edib ki, Azərbaycanda bu gün dini mühitdə sakitlik hökm sürsə də, müəyyən maraqlar ölkənin başı üzərindən çəkilməyib: "Müəyyən xarici qüvvələr müxtəlif yollarla respublikamızdakı dini vəziyyəti gərginləşdirməyə çalışırlar. Onlar öz çirkin məqsədlərinə çatmaq üçün bəzən xalqımızın içindən müəyyən insanları, xüsusən də gəncləri təsir altına salmağa çalışırlar. Bu da islam dini haqqında düzgün təsəvvürlərin olmamasından irəli gəlir. Məsələn, məscid deyiləndə Azərbaycanda yanlış olaraq kimsəsiz, yoxsul insanların getdiyi yer nəzərdə tutulur. Eləcə də din xadimi deyəndə yas mərasimi, qəbiristanlıq göz önünə gətirilir. Bunun da əsas səbəblərindən biri özünü din xadimi adlandıran müəyyən qism insanların savadsızlığı, əhali arasında islam dini ilə bağlı təbliğat və maarifləndirmə işini düzgün apara bilməməsi ilə bağlıdır".
Bununla belə İslam Universitetinin rektoru deyib ki, ölkədə son illərdə islam dinini elmi səviyyədə öyrənən, cəhalətdən, xurafatdan uzaq, savadlı gənclər, din xadimləri yetişir. Onun sözlərinə görə, Bakı İslam Universitetinin hazırladığı dinşünas kadrlar xüsusilə fərqlənirlər. Tələbələrin yüksək səviyyəli, yeni təfəkkürlü kadr kimi formalaşmasına çalışan rektor vurğulayıb ki, Azərbaycanda belə savadlı din xadimləri nə qədər çox olarsa, missioner təşkilatlarının, təriqətlərinin qarşısını da daha asanlıqla almaq, onları zərərsizləşdirmək olar: "Bəzən Avropadan, digər xarici ölkələrdən gələn missionerlərin - savadlı professorların, elmlər doktorlarının qarşısında ona görə dayana bilmirik ki, bizim savadlı din xadimlərimiz azdır".
Mənfi meyillərin qarşısını almaq üçün din xadimlərinin islami dəyərlərin düzgün təbliği işində xüsusi fəallıq göstərməsini vacib sayan Hacı Sabir bu gün Azərbaycanda dini maarifləndirmə işinin lazımi səviyyədə olmadığı qənaətindədir: "Bunun günahı həm də biz din xadimlərinin üzərinə düşür. Çünki din xadimlərimiz kütləvi informasiya vasitələrinin geniş imkanlarından çox az istifadə edirlər. Halbuki insanların düzgün maariflənməyə böyük ehtiyacı var".
"Dini radikallıq islama ləkə gətirən tendensiyadır" deyən Hacı Sabir xatırladıb ki, ABŞ-da baş vermiş 11 sentyabr terror hadisələrindən sonra islam dinini gözdən salmaq, onu terrorla əlaqələndirmək cəhdləri artıb: "Dünya mediasında islamı gözdən salmaq üçün çirkin kampaniya aparılır. Əsl islam isə ekstremizmi, radikallığı qəbul etmir. Əsl islam insanlara sevgi, sülh və əmin-amanlığı, dözümlülüyü təbliğ edir. Bu gün vəhabilik cərəyanına qoşulmuş gənclərimizi də düzgün yola qaytarmağa, onları radikal fikirlərdən çəkinməyə çalışmalıyıq".
Hacı Sabirin sözlərinə görə, belə cərəyanların kökündə bəzən təməlçilik, fundamentalizm dayanır: "Bir vaxtlar islamda xristianlığın təsiri ilə rahiblər, dərvişlər meydana çıxmışdı. Dərvişlər evlənməzdilər, ailə həyatı qurmazdılar. Özlərini islamın, Allahın təbliğinə həsr edib şəhər-şəhər, kənd-kənd gəzərdilər. Təməlçilik müasir dövrdə mümkün deyil, zaman, məkan, həyat tərzi, düşüncə tərzi başqadır. İslamda elə təməl prinsipləri var ki, biz ona toxunmuruq. Məsələn, gündə beş dəfə namaz qılınması qaydası bu gün də var. Amma islamda elə məsələlər var ki, biz onları hazırda tətbiq edə bilmərik. Məsələn, islamda erkən nikaha icazə verilir. Yəməndə tərcüməçi işləyəndə 12 yaşlı qızın ərə verildiyinin şahidi olmuşam. O məkanda təbii coğrafi mühit buna imkan verir. Amma gəlin görək Azərbaycanda bunu etmək olarmı? Yəməndəki 40 yaşlı qadın sanki 70 yaşındakı kimi görünür. Azərbaycandakı 40 yaşlı qadınların gəncliyi təzə başlayır. Bir sözlə, şəriət şəraitlə müəyyən dərəcədə bağlıdır. Biz indi orta əsrlərdəki dini geyimləri tətbiq edə bilmərik. İstəsən də, istəməsən də bütün dinlərdə müasirləşmə gedir".
Sonda Hacı Sabir deyib ki, müəyyən qüvvələr islama müəyyən təhlükə yaratmaq, eyni zamanda islam dövləti yaratmaq arzusunda ola bilər: "Lakin illər ərzindəki müşahidələrimə əsasən deyə bilərəm ki, bu cəhdlər heç bir nəticə verməyəcək. Azərbaycan dünyəvi, sivil dövlətdir və bu yolla da inkişaf edəcək".