APA. Bakının Yeni Günəşli qəsəbəsində inşası tamamlanmamış "Fatimeyi-Zəhra" məscidi adlandırılan yarımçıq tikinti ətrafında yaranmış problemlə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan prezidenti cənab İlham Əliyevə müraciət edib.
QMİ-dən APA-ya daxil olan məlumata görə, müraciətdə tikilinin sökülməsi barədə mövcud məhkəmə qərarının dayandırılması xahiş olunub, yaranmış vəziyyətin ən məqbul həll yolu kimi həmin tikilinin QMİ-nin sərəncamına verilməsi təklifi irəli sürülüb.
Prezident İlham Əliyev Azərbaycanın mövcud dövlət-din münasibətlərini nəzərə alaraq, sözügedən obyektin QMİ-nin sərəncamına verilməsi barədə göstəriş verib.
Eyni zamanda prezident tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin başçısına bu məsələnin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.