Ayətullah Nasir Məkarim Şirazinin Azərbaycanda məscidlərin sökülməsi ilə bağlı əsassız fikirlər söyləməsi çox təəssüf doğurur. Din xadiminə yaraşdırılmayan və böhtan xarakterli olan bu cür fikirlər qəbuledilməzdir".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib ki, məscid adı altında aparılmış qanunsuz tikililərin sökülməsi ilə bağlı qərarlar məhkəmələr tərəfindən qəbul edilib: "Bu qərarlara siyasi don geyindirmək yolverilməzdir. Hər kəs bilməli və qəbul etməlidir ki, Azərbaycan dünyəvi dövlətdir, dünyəvi qanunlarla idarə olunur. Eyni zamanda, heç kim başqa ölkələrin dövlət-din münasibətlərini Azərbaycana idxal etmək fikrinə düşməməlidir. Azərbaycan müsəlmanlarını, ümumiyyətlə, müsəlmanları məzhəblərə bölmək, onlar arasında ayrı-seçkilik aparmaq, başqa sözlə, müsəlmanları üz-üzə qoymaq isə heç kimə başucalığı gətirməz".
Qeyd edək ki, İran İslam Respublikasının ruhanisi Ayətullah Nasir Məkarim Şirazi mayın 12-də Qum şəhərində fiqh dərsində söylədiyi nitqində Azərbaycanın ünvanına hədələyici fikirlər söyləyib, terrora çağırış edib.