İraqın Samirə şəhərində şiələrin 10-cu və 11-ci imamları Hadilə (ə.s) Həsən Əsgərinin (ə.s) məqbərələrinin partladılmasına etiraz olaraq Ağcabədi şəhər Dini İcması bəyanat qəbul edib. Bu barədə adıçəkilən icmanın rəhbəri Hacı Seyid Novruz Ağamiroğlu məlumat verib. O deyib ki, belə bir hadisənin baş verməsi dünya müsəlmanlarını narahat etməyə bilməz. Çünki partladılan məqbərələr müsəlmanlar üçün mübarək bir məkandır. Onun sözlərinə görə, Avropa ölkələrinin mətbuatında həzrəti Məhəmməd peyğəmbərin karikaturlarının yayılması, bundan sonra isə imamların məqbərəsinin partladılması təsadüfi deyil. Müsəlmanların ciddi etirazına səbəb olan hər iki hadisə eyni ssenari əsasında törədilib: "İmamların məqbərələrinin partladılması həzrəti Məhəmmədin karikaturalarının yayılmasının davamıdır. Bütün bu hadisələrin arxasında Amerika və sionizm dayanır. Məqsəd isə müsəlmanları qarşıdurmaya sürükləməkdir. Biz belə bir hadisəni sakit qarşılaya bilmərik.
Ona görə də etirazımızı bildirmək qərarına gəldik. Hesab edirik ki, hər iki hadisəyə görə günahkarlar mütləq tapılıb cəzalandırılmalıdır. Müsəlmanların mənəvi dəyərləri ilə oynamaq yolverilməzdir". İcma rəhbəri bildirib ki, həm İslam, həm də müsəlmanlar terrorizmin əleyhinədir. Amma təəssüf ki, bəzi qüvvələr İslamı və müsəlmanları terrora haqq qazandırmaqda günahlandırırlar.
Onun fikrincə, belə hallara son qoyulmalı və müsəlmanları qarşıdurmaya sürükləyənlərin qabağı alınmalıdır. Əks təqdirdə, daha bədbəxt hadisələr baş verə bilər: "Dinimiz terrorun əleyhinədir. Belə olan təqdirdə bizim terrora haqq qazandırmağımız qeyri-mümkündür. Terrorizmi müsəlmanlar yox, Amerika və onun yaratdığı Əl-Qaidə və Taliban dəstəkləyir. Belə hadisələrə görə də onlar məsuliyyət daşıyırlar. Onlar müsəlmanlar üçün müqəddəs olan dəyərlərə əl uzatmaqdan çəkinmirlər. Bütün bunlar İslam dünyasına qarşı növbəti dəfə Səlib yürüşünün başlamasından xəbər verir. Biz buna qəti etirazımızı və hiddətimizi bidiririk".