Küveyt dövlətinin Gənclər və İdman məsələləri üzrə Dövlət Komitəsinin sədri, general Feysəl Musaid Əl-Cəzzafın rəhbərliyi ilə nümayəndə heyətinin aprelin 11-də Azərbaycana səfəri başlayır.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində gənclər və idman sahəsində fikir mübadiləsinin aparılması, iki ölkə arasında əməkdaşlığın daha səmərəli inkişafını təmin etmək üçün əlaqələrin perspektivlərinin müzakirə edilməsi nəzərdə tutulub.
Qonaqlar gənclər və idman naziri Azad Rəhimovla da görüşəcəklər, eyni zamanda səfər proqramına uyğun olaraq Azərbaycan hökuməti və Küveyt hökuməti arasında idman və gənclər sahəsində əməkdaşlıq sazişi imzalanacaq.
Küveyt nümayəndə heyəti Quba, Qusar, Şağan Olimpiya İdman Komplekslərində olacaq, Güləş üzrə Avropa çempionatının açılış mərasimində iştirak edəcək, respublikanın bir sıra gənclər təşkilatlarının üzvləri ilə görüşəcək, regionlar səfər edib, Azərbaycanın tarixi məkanlarında olacaqlar.
Səfər aprelin 18-dək davam edəcək.