Dünən Braziliyada milli faciə baş verdi. Ölkənin futbol yığması dünya çempionatının yarımfinal mərhələsində azarkeşlərinin gözü qarşısında Almaniya komandasına 1:7 hesabı ilə məğlub oldu.
Beş dəfə dünya çempionu titulu qazanmış, Peleni dünyaya bəxş etmiş bir məmləkət üçün bunun nə olduğunu təsəvvür etmək çətindir. Elə braziliyalılar da bunu nə təsəvvür edə bildilər, nə də həzm. Görüşün başa çatmasından dərhal sonra bütün ölkə boyu kütləvi iğtişaşlar baş verdi. Elə bizi maraqlandıran hadisə də məhz bu qarmaqarışıqlıqda meydana gəldi. Müxtəlif şəhərlərdə hiddətlənən braziliyalılar ölkənin bayrağına od vurdular. Bu olaydan bir azərbaycanlı kimi nə nəticə çıxara bilərik?
İndi müasir azərbaycanlını, gəncliyimizi milli-mədəni dəyərlərimizə xəyanətdə, mənəviyyatsızlıqda ittiham etmək dəbdə olan mövzudur. Buna haqqı çatan da, haqqı çatmayan da “əlinə qılınc alıb düşür meydana”, döşə ki, döşəyəsən. Amma, zənnimizcə, vəziyyət heç də ehtimal verilən fəlakət dərəcəsində deyil. Azərbaycanda yaşayan hansısa azərbaycanlının dövlət bayrağına od vurmasını təsəvvür edə bilərikmi? Mümkünsüz bir şeydi. Allaha şükürlər olsun ki, bu gün vətən və bayrağ uğrunda canını fəda etməyə hazır olan oğullarımız kifayət qədərdir. Nəinki bu üçrəngli müqəddasata od vurmaq. Sözümüzü təsdiqləmək üçün elə ancaq Natiq Qasımov qəhrəmanlığını yada salmaq kifayətdir. Beş gün ərzində təkbaşına erməni quldurları ilə vuruşan, sürsatı qurtardıqdan sonra yaralı halda ermənilərin əhatəsinə düşən igidimiz sona qədər bayrağımızı əlindən vermədi. Bu torpaq vətən bayrağına sadiq qalan belə igidlər yetişdirdi, yetişdirməkdə də davam edir. Bayrağa sevgi qanımızdadır. Və, necə deyərlər, hələ “papaq altında yatan” neçə-neçə ərənlərimiz var.
Braziliyalılar isə... Özləri bilərlər. Bura Azərbaycandı...
islam.az