Müsəlman dünyasında baş verən bir çox daxili münaqişələr mövzu kimi aktual olaraq qalır. Bir çox mədəniyyətlərin, dünyagörüşlərinin mövcud olduğu Azərbaycanda isə tolerant abu-hava yaşanmaqdadır. Yaxşı, bəs tolerant əhval-ruhiyyənin hökm sürdüyü cəmiyyətimizdə nə vaxtsa dini bölücülük, dini münaqişələr baş verə bilərmi?
Mövzu ilə əlaqədar Azərbaycan Birlik Təşkilatının sədri, şərqşünas Vüsal Hətəmov İslam.az saytına münasibət bildirdi: “Azərbaycan çoxkonfessiyalı məmləkətdir. Bura mədəniyyətlərin, dünyagörüşlərinin toqquşduğu bir ərazidir. Çox şükr ki, nə süni, nə də ki təbii məzhəblərarası münaqişələr təcrübəsi yaşamamışıq. Ümumiyyətlə, tolerantlıq bizim qanımızdadır. Bu mövzuda xalqın praktiki həyatına nəzər salanda daha aydın olacaq. Şiələrin ən böyük ibadi-mədəni mərasimi olan məhərrəmlik ayında sünnilər toy etməz, kütləvi şadlıq mərasimləri keçirtməzlər.
Azərbaycanda sünni-şiələr fiqhi cəhətdən ayrıdırlar, etiqadi cəhətdən isə demək olar ki, birdirlər. Məhərrəməlik mərasimi sünni bölgəsi sayılan şimal regionunda da hörmətlə qarşılanır, hətta bir çox sünnilər bu mərasimi lazımınca keçirdirlər.
Heç qeyri-dindarlar da tolerant ənənədən geri qalmır. Ramazan ayında kiminsə toy etdiyi müşahidə edilirmi?! Deməyim budur ki, xalqımız dinini, dünyagörüşünü şüurlu olaraq qəbul edib, qılınc gücünə yox”.
V.H.
islam.az