Şəriət kitablarında məkruh sayılan əməllərə görə Allah qiyamətdə əzab verəcəkmi?
Məkruh – bəyənilməyən əməl deməkdir. Yəni Allah tərəfindən bəyənilməyən və xoş qarşılanmayan əməl. Şiə məzhəbinə görə, məkruh – vacibdən və mübahdan fərqli olaraq, edilməsi məsləhət bilinməyən, amma haramdan fərqli olaraq, edilməsinə görə cəza verilməyən hərəkətdir. Məkruh işi görən şəxs Allah tərəfindən buna görə cəza almasa da, heç bir savab da qazanmır. Əhli-sünnə məzhəbinin şafii, maliki və hənbəli qollarına görə də məkruh əmələ görə nə dünyəvi, nə də ilahi cəza gərəkməz. Hənəfilər məkruhu “tənzihən” və “təhrimən” olmaqla iki növə bölürlər. Tənzihən məkruha görə cəza düşməz. Təhrimən məkruha görə isə ilahi cəza verilməsi ehtimalı var.