Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə bu gün dindarlarla keçirilən görüşdə bildirib ki, Ramazan ayında sünni və şiələr eyni vaxtda iftar açacaq, sünni və şiə məscidlərində azanlar eyni vaxtda veriləcək, moizələr eyni qaydada oxunacaq.
Şeyx bundan sui-istifadə edib qarışıqlıq yaratmaq istəyənlərə xəbərdarlıq edərək bildirib ki, hər şey QMİ-nin nəzarətindədir: “Biz bu məsələləri həm şiə, həm də sünni alimləri ilə məsləhətləşmişik. Ramazan ayının İslam dinində həssas aylardan olduğunu nəzərə alaraq, dini ayinlərdən istifadə edib parçalanma yaradanlara imkan verməməliyik. Hər şey İslamın buyurduğu qaydada olacaq”.
Əlbəttə ki, sünni və şiələri yaxınlaşdırmağa yönələn bütün təşəbbüslər təqdirə layiqdi. Ağlı başında olan hər bir müsəlman bu istəqamətdə bacardığı qədər fəaliyyət göstərməlidi. QMİ-nin Mübarək Ramazan ayında ümmətin birliyi üçün atdığı addım təqdirəlayiqdir.
Amma burda bir incə məqamı da nəzərə almaq lazımdır. Əgər kimsə iftarını öz məzhəbinə uyğun açacaqsa, bu heç də həmin şəxsin ümməti parçalamağa çalışması anlamına gəlməməlidir. Ramazanda hər bir oruc tutan şəxs Allahın rizasını qazanmağa çalışır. Heç kim də 10-15 dəqiqəyə görə bütün əməlini riskə atmaq istəmir. Hər kəsin bir istinad nöqtəsi var, inandığı dəyərlər, şəxslər var. İslam ümmtəində fərqli məzhəblər mövcuddursa, deməli, müxtəlif ibadətlərin müxtəlif də formaları olacaq. Bunu biz icad etməmişik, bunun 14 əsirlik tarixi var. Təbii ki, bu fərqliliklər kiminsə müsəlman qardaşına qarşı kin bəsləməsinə gətirib çıxarmamalıdır. Amma bir iclas və ya toplantı ilə də bunu aradan qaldırmaq mümkünsüzdür.
Təxribata gəldikdə isə, kimsə bunu istəsə, həmişə edəcək, Ramazanda da, qeyri aylarda da. Bu təxribatçılara qarşı da həm bu Mübarək, həm də digər aylarda sərt mübarizə aparılmalıdır. Ancaq bu mübarizəni iftar vaxtı kimi adi bir məsələnin səviyyəsinə endirmək də lazım deyil.
İslam.az