İrana qarşı tətbiq olunmaq üçün hazırlanan yeni sanksiyalar sadəcə əlavə məhdudiyyətlər formasında deyil, daha sərt məzmunlu olacaq.
APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın dövlət katibi Hillari Klintonun yayılan bəyanatında deyilir. Bu bəyanatla xanım Klinton İctimai Əlaqələr üzrə Amerika-İsrail Komitəsinin (AIPAC) toplantısında çıxış edəcək.
H.Klintonun sözlərinə görə, İran rəhbərliyi öz ölkəsinin əhalisi ilə yanaşı, regionun digər dövlətləri üçün də ciddi təhlükə yaradır. Əgər İran nüvə silahı əldə edərsə, bu, Yaxın Şərqdəki sabitliyi poza və beynəlxalq terrorçuluğu aktivləşdirə bilər.
Dövlət katibi bildirir ki, rəsmi Vaşinqton İranın nüvə silahının əldə edilməsi istiqamətində atdığı addımların qarşısının alınmasında israrlıdır. O, həmçinin qeyd edir ki, ABŞ BMT-nin Təhlükəsizlik Şurasındakı tərəfdaşları ilə birlikdə İrana qarşı tətbiq olunacaq yeni sanksiyalar layihəsi üzərində iş aparır.