“Kimdir İraq Şam İslam Dövləti və onun arxasında kim dayanır? Bu qondarma dövlət İraqla Suriyanın sərhəddində, eyni zamanda da Türkiyəyə yaxın bir ərazidə formalaşıb. Əsas məkanları Suriyadadır. Suriyada isə kəsmədikləri baş qoymadılar. Yolda tutub mənsub olduqları təriqəti soruşur, şiə olanı isə öldürürdülər.”
Bu sözləri iyunun 15-i ANS telekanalında Mirşahin Ağayev “Hesabat” verilişində deyib (https://www.youtube.com/watch?v=O-7In1wzSpk). Və ictimaiyyət tərəfindən də ANS-in bu mövqeyi təqdirə layiq hesab edilib.
Lakin ictimai sorğulara görə, Azrəbaycan cəmiyyətinin narazı qaldığı məqamlardan biri təkfirçi terror təşkilatları üzvlərinin “mücahid”, “üsyançı”, ən sərt halda isə “silahlılar” adı ilə təqdim olunmasıdır. Ekspertlərə görə, ümumiyyətlə, İŞİD həqiqətləri barədə, demək olar ki, telekanallar –müəyyən qədər ANS-i çıxmaqla – ictimaiyyətə düzgün məlumat vermir. Əksinə, terrorçuların əsl simaları, törətdikləri vəhşilik gizlədilir. Bu isə ictmiaiyyətdə həqiqi fikrin formalaşmasına əngəl törədir və gənclər arasında terrorçu qruplar daxilində döyüşməyə stimul yarada bilər.
Belə hesab edilir ki, bunun əsas səbəbi yerli telekanal və bəzi aparıcı KİV-lərin məlumatları əsasən Türkiyənin iqtidara yaxın KİV-lərindən və bəzi Qərb informasiya mənbələrindən götürməsi ilə bağlıdır. Orada isə problem ondan ibarətdir ki, vaxtilə bu qruplara Suriyada Əsəd rejiminə qarşı mübarizədə dəstək verən və buna görə də belə terrorçu qrupların mənfi simasını gizlətməyə çalışan KİV-lər, hətta özlərinə qarşı olan təhlükəni hiss etsələr də informasiyalarının yönümünü hələ də dəyişə bilməyiblər. Ya ətalətdən, ya da yeni siyasi kursun hələ də tam müəyyənləşməməsindən. Eyni zamanda görünən budur ki, İŞİD-in İraqda törətdiklərindən sonra bu siyasi kurs sürətlə dəyişmək üzrədir.
İslam.az