“İraq və Şam İslam Dövləti” (İŞİD) radikal-terrorçu qruplaşmasının İraqın ikinci iri şəhəri olan Mosulu və bir sıra digər rayonları işğal etməsi dünya mətbuatının ən aktual mövzusuna çevrilmişdir.
Sıralarında dünyanın müxtəlif ölkələrindən, o cümlədən də Azərbaycanımızdan olan radikal islamçıları birləşdirən qruplaşma ələ keçirdiyi ərazilərdə amansızlıqla kütləvi qətllər törədir, din adı ilə insanları qətlə yetirir. Üstəlik, İslam adı ilə törədilən bu qətllərin qurbanları da elə müsəlmanlar olur.
İraqda baş verən son olaylar və onun ölkəmizə təsiri ilə əlaqədar ilahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlunun münasibətini öyrəndik. İlahiyyatçı İslam.az-a bunları söylədi:
“Haqlısınız ki, İŞİD-in qurbanı məhz elə müsəlmanlardır. Amma bunu nəzərə alaq ki, İŞİD və bu qəbildən olan radikal-terrorçu qruplaşma üzvlərinin etiqadına görə, onların əqidəsində olmayanlar və onlara beyət etməyən müsəlmanların da hamısı kafirdirlər. Qruplaşma açıq şəkildə bu “kafirləri” məhv edəcəyini və öz təsəvvürlərində olan teokratik dövlət quracaqlarını bəyan edir. Bugünlərdə İŞİD təmsilçisinin internet vasitəsilə türkcə müraciətində söylədiyi kimi: “Bütün kafirlər bu torpaqlardan yox olacaqlar”.
Elşən Mustafaoğlu qeyd etdi ki, xeyli müddətdir Suriyada əraziləri zəbt edib, qətllər törədən bu terrorçu qruplaşma son aylarda nəzərəçarpacaq dərəcədə aktivləşib:
“Bəzilərinin, xüsusilə də son günlərdə özünə alim deyən bəzi şəxslərin, İraqda İŞİD-in hərəkətlərinə məzhəb donu geyindirməsi, guya orda sünniləri şiələrə qarşı müdafiə etməsi haqda iddiaları da gülüncdür və yenə də müsəlmanların qarşıdurmasını qızışdırmağa yönəlib. Belə ki, İŞİD neçə vaxtdır Suriyada hətta Əsəd hakimiyyətinə qarşı savaşan, sünni, hətta özü kimi sələfi əqidəsinə mənsub olan digər silahlı müxalifət və qruplaşmalarla da döyüşlərə girir, onların üzvlərini də “kafir” elan edərək vəhşicəsinə öldürür, başlarını kəsir. Maraqlı da budur ki, bu qruplaşma həmin digər müxalifət qruplarla döyüşlərdə çox vaxt qalib gəlir. Müasir silah-sursata, geniş maliyyə imkanlarına və yaxşı hərbi təlim keçmiş döyüşçülərə malik olan bu qruplaşma (oxu: ordu) eyni zamanda iki dövlətin – Suriya və İraqın silahlı qüvvələrilə, üstəlik, digər silahlı qruplaşmalarla savaşır və getdikcə bu savaşın coğrafi miqyası genişlənir. Bu isə şübhə doğurmur ki, İŞİD-in arxasında kifayət qədər güclü qüvvələr dayanır və həmin qüvvələr bu qruplaşmanın fəaliyyət trakyektoriyasını genişləndirmək qərarına gəliblər. APA-nın yaydığı məlumata görə, İŞİD üzvləri sosial şəbəkələrdə çağırışlar yayaraq tezliklə Azərbaycan və Türkiyə ərazisində də “İslam dövləti” quracaqlarını bəyan ediblər. Onlar həmçinin Azərbaycan və Türkiyənin dövlətin xəritəsi və bayraqlarını qara fonda təqdim ediblər.
Bütün bunlar göstərir ki, artıq təhlükə bizim ölkəmizin “qapısını döyməkdədir” və təbii ki, Azərbaycan vətəndaşları olaraq bizlər bu hadisələri kənardan seyrçi kimi izləyə bilmərik. Xüsusilə nəzərə aldıqda ki, İŞİD-in tərkibində xeyli sayda soydaşımız da savaşır, üstəlik sosial şəbəkələrdə bu radikal-islamçı qruplaşmanı dəstəkləyən çoxlu vənəndaşlarımız da nəzərə çarpır.”
İlahiyyatçı bildirdi ki, bəzi hallarda hətta media vasitəsilə birbaşa və ya dolayı yolla İŞİD-in cinayətlərinə don geyindirənlər, onu müdafiə edənlər də tapılır:
“Qəribədir ki, adətən qərbyönümlü və dünyəvi mövqedən çıxış edən belələri bu məsələdə zorakı yolla dünyəvi dövləti devirib, teokratik dövlət qurmağı qarşısına məqsəd qoyan radikal islamçı İŞİD-in havadarına çevrilirlər.”
Müsahibimizin sözlərinə görə, sosial şəbəkələri izlədikdə son olayların fonunda ölkəmizdəki radikal-təkfirçi islamçıların da aktivləşdiyinin şahidi oluruq: “Onlar açıq şəkildə dövlətimizi və milli-mənəvi dəyərlərimizi hədəfə alır, xalqı “kafir” elan edir, dini-məzhəbi zəmində nifrət hissi aşılayır, ən təhlükəlisi isə, zorakılığa çağırışlar edirlər. Dəhşətli haldır ki, 21-ci əsrdə bir insan digər insanın əqidəsini təftiş edir və onunla eyni dini görüşə sahib olmadığı təqdirdə, qətlinə hökm çıxarır. Beləliklə də, din cəmiyyətdə sülh və əmin-amanlığı, sabitliyi, asayişi təmin etmək əvəzinə, belələrinin əlində zorakılıq, qarşıdurma və təxribatçılıq alətinə çevrilir. Bu isə, bütövlükdə milli təhlükəsizliyimizi təhdid edir.”
Bir müddət əvvəl ölkədə dini radikalizmə qarşı aparılan geniş kampaniyanın şahidi olduğumuzu vurğulayan E.Mustafaoğlu bunları əlavə etdi: “Ekstremist təmayüllərin qarşısının alınması istiqamətində aparılan bu kampaniya və görülən bu tədbirlər təqdirəlayiq idi. Amma son vaxtlar sanki bu kampaniya səngiyib. Doğrudur, ara-sıra müxtəlif bəyanatların şahidi oluruq, amma məsələ bəyanat müstəvisindən daha ciddi olduğundan, dini radikalizm və ekstremizmə qarşı mübarizə də ardıcıl və davamlı xarakter daşımalıdır. İraqda baş verən son hadisələr artıq bunu zərurətə çevirir. Gizli deyil ki, ölkəmizi də İraq və Suriyaya çevirmək istəyənlər var. Bu qara niyyətlərin qarşısında bütün cəmiyyətimiz əl-ələ verib birləşməli, dindən sui-istifadə hallarının qarşısını almalı, məkrli planları alt-üst etməlidir. Dövlətimizin varlığı, dinimizin saflığı, və cəmiyyətimizin sabitliyi naminə.”
İslam.az