İslam.az ibrətli bir hekayə təqdim edir:
Harun ər-Rəşidin müasiri olan məşhur arif İbn Səmmak bir gün onun yanına gəlmişdi. Harun var-dövləti, hökuməti ilə fəxr edərək öyünür. Bu zaman içmək üçün onlara su gətirirlər. Harun su qədəhini əlinə götürüb içmək istəyəndə İbn Səmmak soruşur: «Ey xəlifə, əgər susuzluqdan ölmək halına gəlib çatsan və bir qurtum suyun əvəzində xilafətin yarısını səndən tələb etsələr, verərsənmi?». Harun bir az fikirləşib cavab verir: «Bəli, verərəm».
Xəlifə suyu içəndən sonra İbn Səmmak bu sualı verir: «Bəs, əgər içdiyin su mədəndə qalsa və çölə çıxmasa, səni müalicə etmək və sudan azad etmək üçün xilafətin o biri yarısını istəsələr, verərsənmi?». Harun yenə deyir: «Əlbəttə, verərəm». Bu zaman İbn Səmmak söyləyir: «Sənin xilafətinin qiyməti məlum oldu. Xilafət bir qurtum suyun içilməsi və ifraz olunması qədər dəyərə malikdir. Əgər belədirsə, onun uğrunda bu qədər hərislik göstərməyə dəyərmi?!».