Dünən sosial şəbəkələrdə İŞİD tərkibində döyüşən azərbaycanlıların növbəti videosu yayıldı
Videoda danışan qruplaşmanın Azərbaycandan olan üzvü “şəriət dövləti qurulduğunu” və öz əqidədaşlarının gəlib burada yerləşə biləcəklərinə çağırış edirdi. Elə həmin gün sosial şəbəkələrdə Azərbaycanın və Türkiyənin bayraqların fotoşop edilərək İŞİD bayrağına çevrilməsini əks etdirən şəkillər yayıldı. MTN isə ölkəmizə qarşı bütün təhdidlərə nəzarət etdiyini açıqladı.
Əslində anlaşılan budur ki, ölkə daxilində İŞİD-i dəstəkləyən qüvvələr bu cür videokadrları, fotoları yaymaqla aşkar şəkildə fəaliyyət göstərmək niyyətlərini ortaya qoyurlar. Lakin bu günə qədər radikal qüvvələrdən gələn bütün təhdidlər elə yerindəcə dəf edilmişdir.
Ekspertlərin fikrincə radikal qrupları dəstəkləyən qüvvələr ölkəmizdə olsa da onların sayı və gücü çox cüzidir. Yəni, hər hansı aktiv fəaliyyəti bu gün üçün mümkünsüzdür. Həmçinin təhlükəsizlik orqanları tərəfindən ciddi nəzarətdə saxlanılan həmin qüvvələrin hər bir hərəkəti diqqətlə izlənilir.
Lakin bəzi ekspertlər bu qüvvələrin qısa müddət ərzində aktivləşə biləcəyini vurğulayırlar. Belə ki, bundan əvvəl Liviya, Suriya kimi ölkələrdə qısa zaman kəsiyində aktiv təhlükə mənbəyinə çevrilən bu qüvvələrin Azərbaycanda da fəallaşa biləcəyi, hətta məcrasından çıxa biləcək bir hala gələcəkləri istisna edilmir.