Ermənistanda səfərdə olan Moskva və Bütün Rusiyanın patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin Bakıda keçiriləcək dinlərarası sammitdə iştirakla bağlı dəvət məktubunu bütün ermənilərin katolikosu II Qareginə təqdim edib.
APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, patriarx deyib: "Mən özümün və dostum Allahşükür Paşazadənin adından sizi MDB Dinlərarası Şurası tərəfindən Bakıda keçiriləcək konfransa dəvət edirəm". Kirill bildirib ki, tədbirdə iştirak orada müzakirə olunacaq vacib məsələlər haqqında fikir ifadə etməyə imkan verəcək. O xatırladıb ki, MDB Dinlərarası Şurasında həm Ermənistan xristianları, həm də Azərbaycan müsəlmanları iştirak edirlər və ilk dinlərarası sammit bir neçə il əvvəl Moskvada keçirilib.
Patriarx kilsələrin sülhməramlı səylərinə böyük önəm verdiyini söyləyib. Kirillin sözlərinə görə, erməni apostol və rus pravoslav kilsələri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak edirlər və Ermənistanla Azərbaycanın dini liderləri üçün görüşmək çox çətin olsa da, onlar bunu dəfələrlə reallaşdırıblar.