Azərbaycanda kütləvi terror aktları həyata keçirməyə hazırlaşan radikal dini qruplaşmanın üzvləri zərərsizləşdirilib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 8 nəfər saxlanılıb. Tutulan şəxslərin içərisində Dağıstan və Çeçenistan vətəndaşları da var.
Bildirilib ki, dəstənin daha bir üzvü ötən gün Balakən rayonu ərazisində, Gürcüstandan ölkəyə silah keçirərkən saxlanılıb. Ondan xeyli miqdarda silah-sursat və narkotik götürülüb.
Araşdırmalar nəticəsində saxlanılan şəxslərin radikal dini qruplaşmanın üzvü olduğu müəyyənləşib. Mütəşəkkil dəstənin Azərbaycan paytaxtında kütləvi terror aktları gerçəkləşdirmək niyyətində olduğu bildirilib. Bu niyyətlə onlar Gürcüstandan Azərbaycana xeyli miqdarda silah-sursat gətiriblər. Hazırda dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
MTN-dən bununla bağlı münasibət öyrənmək mümkün olmayıb.