İslam.az "İslam məmləkəti – Azərbaycan” rubrikasının növbəti buraxılışında dəyərli oxucuları qədim və maraqlı tarixə malik Bakıda yerləşən “Qasımbəy” Cümə məscidi ilə tanış edəcək.
“Qasımbəy” Cümə məscidinin təməli 700 il bundan əvvəl – 1314-cü ildə qoyulub.

Həmin dövrdə Seyyid Abdal Bakuvi adlı imanlı və imkanlı bir şəxs gördüyü xeyirxah işlərlə insanlar arasında böyük hörmət sahibi olub.
Seyyid Abdal öz sərvətin kasıb-fəqirə xərcləyib, hər gün imkansızlara pulsuz yemək verib, köməklik edib. Xeyirxah seyidin rəhmətə getməsi insanların kədərinə səbəb olub və ona hörmət əlaməti olaraq Seyyid Abdal hazırkı “Qasımbəy” Cümə məscidinin yerində dəfn edilib, onun qəbrinin üstündə kiçik bir məqbərə tikilib.
Uzun illər sonra Qasımbəy Mənsurxanoğlu adlı xeyirxah və imkanlı bir şəxs seyid Abdal Bakuvi haqqında eşidir və onun məzarını ziyarətə gəlir. Görür ki, seyidin məzarının üstündəki məqbərə köhnələrək dağılmış vəziyyətə düşüb.
Qasımbəy öz vəsaiti hesabına həmin məqbərənin üzərində 1817-ci ildə hazırkı məscidi tikdirir. İnsanların pir kimi ziyarətgahına çevrilən məscidə həmin dövrdə “Cümə məscidi” adı verilir.

1905-ci ildə “Qasımbəy” Cümə məscidinə yaxın bir ərazidə “Təzə Pir” məscidi inşa olunur. Əhali arasında “Qasımbəy” Cümə məscidi köhnə pir (VII əsr) kimi tanındığından, yeni inşa olunan məscidə “Təzə Pir” adı verilir.
Zaman-zaman köhnə pir kimi tanınan məscid, onu inşa edənin şərəfinə “Qasımbəy” Cümə məscidi kimi adlandırılmağa başlanır.
Sovet dövründə “Qasımbəy” Cümə məscidi tamamilə ləğv edilir və bura qızlar yataqxanası kimi fəaliyyət göstərir. Daha sonra məscid sex və ən sonda abidələrin bərpası idarəsi kimi istifadə olunur. Nəhayət 1992-ci ildə məscidə öz statusu qaytarılır.

Məscidin imamı Hacı Samir Ağayev bizimlə söhbətində bildirdi ki, hazırda məscidin ham daxilində, həm də bayır tərəfində ciddi təmirə ehtiyac var:
“Məscidin günbəzi hazırda qəzalı vəziyyətdədir. Öz daxili imkanlarımızla kiçik təmir işləri aparmışıq, lakin bu yenə də kifayət etmir”.
- Bu problem məscidin normal fəaliyyət göstərməsinə mane olmur ki?
- Əlbəttə xeyr. Məscid normal fəaliyyət göstərir, möminlərimiz gündəlik namaz vaxtlarında, xüsusən də Cümə günlərində çoxlu sayda bura axışırlar. Burada normal qaydada camaat namazları qılınır, cümə xütbələri oxunur.
- Dindarların hamısına yer çatırmı namaz qılmaları üçün?
- Bəli. Məscidimiz böyük və tarixi ibadət ocağıdır. Təxminən 400 nəfərə yaxın mömin burada namaz qıla bilər. Cümə günləri məscidimiz demək olar ki, tamamilə dolur. Digər günlərdə isə namaza gələnlərin sayı 50-100 arası dəyişir.
- Dini biliklərini artırmaq istəyən şəxslər üçün şərait yaradılırmı?
- Məscidimizdə Quran və təfsir dərsləri keçirilir. Hər gün demək olar ki, namazdan əvvəl təfsir dərslərimiz olur və yüksək səviyyədə nizam-intizamla və məsuliyyətlə iştirak edənlər olur.
- “Sovetski” məhəlləsinin sökülməsi ilə bağlı sizin məscid də plana düşübmü?
- Hələ ki, məscidin yerləşdiyi ərazinin bu söküntü işlərinə heç bir aidiyyəti yoxdur. Sökülən ərazi əsasən Dövlət Dram Teatrının arxa tərəfidir. Bu barədə dəqiq bir məlumatım yoxdur.