İyulun 4-5-də Moskvada dini liderlərin Ümumdünya sammiti keçiriləcək. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev məlumat verib. Onun sözlərinə görə, hələ bir ay öncə Rus Pravoslav kilsəsinin rəhbəri II Aleksi Qafqazın Şeyxi Allahşükür Paşazadəyə məktub göndərərək, dini liderlərin Ümumdünya sammitinin keçirilməsi təklifini irəli sürüb. Allahşükür Paşazadə və II Aleksi MDB ölkələrinin Dinlərarası Şurasının həmsədrləri olduğundan sammitin təşkilatçılığını üzərilərinə götürüblər. Hacı Akif Ağayev bildirib ki, sammitin keçirilməsi təşəbbüsünü Rusiya prezidenti Vladimir Putin Bakıda Azərbaycanın dini icmalarının rəhbərləri ilə görüşü zamanı dəstəkləyib. Qeyd edək ki, həmin görüşdə Rusiya prezidentinə 2005-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə tərəfindən təsis olunmuş Şeyxülislam ordeni təqdim olunub.