İranın əxlaq təhlükəsizliyi polisinin rəisi, general Əhməd Ruzbəhani ölkədə bundan sonra qarşısı alınacaq geyim formalarından söz açıb. "Media forum" saytının məlumatına görə, Ə.Ruzbəhani deyib ki, qısa və dar şalvar, manto geyən, habelə qabağı və böyrü yarıq mantolara üstünlük verən, yaxası açıq gəzən, saçları tam örtməyən nazik və qısa şərflərdən istifadə edən, kosmetikadan hədsiz yararlanan qadınların qarşısı gələcəkdə də alıncaq.
Əxlaq təhlükəsizliyi polisinin rəsi bildirib ki, mantolar həm uzun olmalıdır, həm də qabarıq sinənin üstünü örtməlidir.
Ə.Ruzbəhani onu da qeyd edib ki, hicab qaydalarına riayət olunmasına nəzarət edən polislər bəzən küçədə qadınlara yaxınaşıb onların geyiminə irad tutanda qadınlar polisin üstünə qışqırır, haray-həşir salmağa başlayırlar: "Onlar güman edirlər ki, belə davrananda polis onları buraxacaq. Lakin qadınlar bilməlidirlər ki, polisin üstünə qışqıranda bu hərəkətlərinə görə də qanun qarşısında cavab verməli olacaqlar".
Qeyd edək ki, bu ilin yazında İranda "İctimai əxlaqsızlığa qarşı mübarizə layihəsi"nin birinci mərhələsi həyata keçirilib. Layihədə məqsəd şəriət qaydalarına uyğun gəlməyən geyim tərzinə qarşı mübarizəni gücləndirməkdir.