Əl-Qaida" terror təşkilatının rəhbərlərindən Səid əl-Şəhri Yəməndə həbs olunub
Əl-Qaida" terror təşkilatının rəhbərlərindən Səid əl-Şəhri Yəməndə həbs olunub. APA-nın məlumatına görə, terrorçunun maşını nəzarət-buraxılış məntəqəsini keçməyə cəhd edərkən saxlanıb. Maşında Səid əl-Şəhridən başqa daha bir neçə "Əl-Qaida" silahlısı olub. Yəmən antiterror birləşmələri maşına hücum edib, yoldan çıxmağa çalışan sürücü maşını aşıraraq çaya salıb. Maşındakı bütün sərnişinlər həbs olunub. Xatırladaq ki, Yəmən hakimiyyət orqanları dünən "Əl-Qaida"nın üç üzvünü həbs olunduğunu, bir neçə gün əvvəl isə 6 terrorçunun öldürüldüyünü bəyan ediblər. Səid əl-Şəhri ekstremist fəaliyyətinə görə bir neçə ilə əvvəl də həbs olunub və 6 il Quantanamo həbsxanasında saxlanıb. Daha sonra Səudiyyə Ərəbistanına ekstradisiya olunan əl-Şəhri reabilitasiya kursu keçdikdən sonra azadlığa buraxılıb və Yəmənə göndərilib. Ötən il Üsamə bin Laden əl Şəhrini "Əl-Qaida"nın Ərəbistan yarımadası üzrə əmirinin müavini təyin edib.