Varlı adamlar cənnətə gedə bilərlərmi? Cənnətə kasıblar daha tez girəcəklər ya varlılar?
Qiyamət günündə hər kəsdən dünyada hansı işlə məşğul olması, qazancını hansı yolla əldə etməsi və hara xərcləməsi soruşulacaq. Əgər varlı adam öz sərvətini halal yollla qazanıbsa və halal istiqamətlərdə xərcləyibsə, cənnətə gedə bilər.
Bununla belə, hədislərdə buyurulur ki, mömin kasıblar mömin varlılara nisbətən daha tez cənnətə girəcəklər. İmam Mühəmməd Baqir (ə) buyurub: “Kasıb möminlər cənnət bağlarına varlı möminlərdən 40 il əvvəl buraxılacaqlar”. Sonra imam öz fikrini belə açıqlayıb: “Təsəvvür et ki, gömrük məmuru iki gəmini yoxlayır. Gəmilərdən birinin boş olduğunu görəndə deyir ki, buraxın üzüb getsin. Amma o biri gəminin dolu olduğunu görəndə əmr verir ki, saxlasınlar (ta ki, içindəkiləri yoxlasın)” (Şeyx Müfid. Əmali. 17-ci məclis, 7-ci hədis). Hədisin mənası budur ki, qiyamət günündə hər kəsin sərvətinin halal ya haram olması yoxlananda kasıbların pulu az olduğuna görə, hesabları tez başa çatacaq. Varlılar isə öz sərvətlərinin hər qəpiyinə görə cavab verəcəklər və buna görə də onların hesabı uzun çəkəcək.
İslam.az