Xəbər verdiyimiz kimi, aprelin 4-də Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qubada "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda regional konfrans keçirilib.
Bu cür tədbirlərin keçirilməsini radikal cərəyanlarla mübarizədə uğurlu addımlardan olduğunu hesab edən Xaçmaz Rayonu, “Təzə Şəhər” məscidinin axundunun müavini Məmmədov Nazim də konfransa qatılıb.
Konfransın gedişatını izləyən islam.az-ın müxbirinin Məmmədov Nazimlə müsahibəsini oxucularımızın diqqətinə çatdırırıq:

- Ölkə rəsmilərinin bəzilərinin çıxışlarında son zamanlar şimal regionunda radikal qruplaşmaların fəaliyyətlərinin nisbətən zəiflədiyi söylənilir. Sizcə, bu nə dərəcədə doğrudur?
- Əlbəttə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin radikal dini cərəyanlara qarşı həyata keçirdikləri layihələr, media və mətbuatda radikal dini cərəyanlarının nümayəndələrinin – sələfi, vəhhabi, xəvariclərin Suriyayadakı döyüşlərə terrorçu qruplaşmaların tərkibində qatılmaları və bir çoxlarının öldürülməsi məsələsi işıqlandırılandan sonra bu qruplaşmaların fəaliyyətlərində zəiflik hiss olunur. Lakin bilmək də lazımdır ki, onların xüsusi proqramları var və bu proqram üzrə hərəkət edirlər. Məncə, onlar bu kimi hallar üçün hazırlıqlıdırlar və məqsədyönlü şəkildə sakitliyi qoruyurlar. Biz artıq bir ildən çoxdur ki, məscidimizdə onlarla birbaşa ünsiyyətdəyik və müşahidələrimizə əsasən deyə bilərəm ki, onlar bu kimi hallarda geri çəkilməyi və ara sakitləşdikdən sonra yenidən fəaliyyətə başlamağı yaxşı bacarırlar.
Onlar bizim məscidə əsasən işa namazına gəlirlər. İşa namazı zamanı məscidə az adam gəldiyindən namazdan sonra topalaşır, dərslər keçir və söhbətlər edirlər.
- Məsciddən əlavə xüsusi toplaşdıqları yer varmı?
- Şəhərimizdə “Bosfor” adlı iki mərtəbəli kafeləri də var ki, onların imamı idarə edir. Əldə etdiyimiz məlumatlara görə, onlar axşam saat 8:00-10:30 radələrində kafenin ikinci mərtəbəsində söhbətlər edir və dərslər təşkil edirlər.
- Radikal cərəyanların davamçılarının təxmini sayı nə qədər olar?
- Bunların sayı sabit deyil. Məsələn, yay tətilində bəzən Səudiyyə Ərəbistanından da bir dəstə əqidədaşları, imamları, böyükləri gəlir və beləliklə məsciddə toplaşanların sayı çoxalır. Bəzən özlərinin də mərasimləri olur ki, ətraf kəndlərdən də bu tədbirdə iştirak etmək üçün toplananlar olur. Bunlar daha çox cümə namazlarında toplaşırlar. Hazırda demək olar ki, əhli-sünnət camaatı məscidimizə gəlmir, ancaq cümədən cüməyə gəlirlər. Hətta əhli-sünnət camaatı da bunları görmək istəmir.
- Bu radikallar insanları , xüsusilə gəncləri öz tərəflərinə çəkməkdə hansı boşluqdan istifadə edirlər?
- Dini məlumatı az olan və ya heç olmayan ailələrdə yetişmiş və dini təsəvvürü olmayan gənclərə əhli-sünnə adı ilə daha tez nüfuz edə bilirlər.

- Regiondakı bu radikal qruplaşmaların maddi qaynaqları nədir?
- Onlar daha çox santexnika işləri, tikinti avadanlıqlarının satışı ilə məşğul olurlar. Təbii ki, fərdi işlərlə də məşğul olurlar. Əlbəttə bundan başqa onlara xarici ölkələrdən də pul göndərilməsi ilə bağlı iddialar də səsləndirilir. Məlumata görə, əsasən Rusiyadan bu qruplaşmaların bank hesabına pullar göndərilir və onların da rəhbərləri bu pulları lazımi yerlərə - təbliğatlara xərcləyirlər. Bu məlumatı bankda çalışan yaxın dostlarımız da təsdiqləyib.
- Sizcə radikal cərəyanların təbliğatlarının qarşı necə mübarizə aparmaq olar?
- Məncə ilk növbədə digər dövlətlərin bu məsələdə əldə etdikləri təcrübədən faydalanmaq lazımdır. Məsələn, bunlar İrana və Türkiyəyə təsir edə bilmədilər. Çünki, bu ölkələrdə yaşayan insanların dini məlumatları var və İslamla aşnadırlar. Biz də bu məqsədlə xalqımızı maarifləndiməliyik. Gənclərimiz öz ənənəvi dini düşüncəmizlə yaxından tanış olmalıdırlar ki, daha sonra yad düşüncələrə aldanmasınlar.
Bundan başqa kütləvi informasiya vasitələrində, televiziyada dinlə bağlı daim maarifləndirici verilişlər, proqramlar, filmlər verilməlidir.
