Bayquş ağacın dibində, tikanlı kolun yanında durub ağlayan qəzəbli tülküyə baxırdı. Tülkünün tükü tikanlarla dolu idi. Nəhayət bayquş ondan ağlamağının səbəbini soruşdu. Tülkü cavab verdi:
- Hər dəfə mən ağacın yanından keçəndə bu qəddar tikanlı kol mənim tükümdən yapışır və sonra da dalımca gülür. Axı niyə qəzəblənməyim? İndi gərəy axşama qədər bu tikanları bir-bir çıxarım.
- Səni başa düşürəm, tülkü. Ancaq bir özün düşün... Nə qədər çox qəzəblənir və ağlayırsansa, bir o qədər zalım tikanlar sənin tükünün dərinliyinə girir, sən isə bu tikanları bütün meşə boyu daşıyırsan. Beləliklə bu tikanlar hər yerə səpələnərək böyüyür və daha yeni kollar əmələ gəlir. Bundan sonra isə bu kollar başqalarına da ilişəcəklər.
Tülkü bayquşun sözlərində həqiqəti görüb dərdinə əlac istədi. Bayquş dedi:
- Qəddar tikan kolu ilə üzləşməmək üçün kolun yerləşdiyi yerdən kənar gəzməlisən. Sən onunla mübarizə apara bilməzsən, lakin sən onu yaddan çıxarıb daha xoşbəxt yaşaya bilərsən.
Tülkü bayquşun məsləhətlərinə qulaq asıb dediklərinə əməl etdi və zaman keçdikcə tikanlı kolu yaddan çıxarıb sevincli günlər yaşamağa başladı.
Bu qısa hekayədən çıxan nəticə: Neqativ hallar yaratmağı, kin-nifaq salmağı xoşlayan və zalım-qəddar insanlarla mənasız və nəticəsiz mübahisələr etməkdən çəkinin. Onların yanından sadəcə ötüb keçmək lazımdı. Axı ətrafımızda pozitiv hallar, insanlar da var...