Bu il Azərbaycanda qanvermə aksiyası Aşura günü ilə yanaşı, təziyyə mərasiminin 3, 7 və 40-da da keçiriləcək.
Bu barədə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. Mətbuat xidmətinin rəhbəri deyib ki, dekabrın 27-nə təsadüf edən Aşura günündə "Təzə Pir", "Əjdərbəy", "Hacı Soltanəli", "İçərişəhər" məscidlərində və digər ibadət ocaqlarında Səhiyyə Nazirliyinin dəstəyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək: "Həmin gün insanlar adıçəkilən ibadət ocaqlarına gəlməklə aksiyada iştirak edə bilərlər. Bu il yarana biləcək sıxlığı nəzərə alaraq, yas mərasiminin 3, 7 və 40-da da aksiyanın keçirilməsi planlaşdırılıb".
Qeyd edək ki, Aşura günü keçiriləcək ilk qanvermə aksiyasına Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin də qatılacağı gözlənilir.