O hansı səhabədir ki, şahidliyi Peyğəmbər tərəfindən iki nəfərin şahidliyinəə bərabər tutulmuşdu?
Bu səhabə Xüzeymə ibn Sabitdir. Xüzeymə Övs qəbiləsinə mənsub idi. Həzrət Mühəmməd Peyğəmbər (s) bir bədəvi ərəbdən at almaq barədə sövdələşmişdi. Lakin münafiqlər həmin bədəvini yoldan çıxarıb, atı xeyli baha qiymətə sata biləcəyini söylədilər. Bədəvi ərəb Peyğəmbərlə mübahisəyə girişib, atı Ona satdığını inkar etdi. Bu zaman Xüzeymə ibn Sabit şahid kimi ifadə verib, həqiqətən, Peyğəmbərlə ərəbin arasında at alveri olduğunu təsdiqlədi. Peyğəmbər Xüzeymədən soruşdu: “Sövdələşmə zamanı bizim yanımızda olmadığın halda, niyə şahidlik etdin?” Xüzeymə cavab verdi: “Fikirləşdim ki, əgər Sənin peyğəmbərlik iddiasında doğrucul olduğunu qəbul edirəmsə, deməli, bununla müqayisədə xeyli xırda bir məsələ olan at alverində də doğru dediyini qəbul etməliyəm. Ona görə Sənin yalan danışmadığına şəhadət verdim”. Peyğəmbər Xüzeymənin hərəkətini alqışladı və onun ifadəsini iki nəfərin şahidliyinə bərabər qüvvədə saydı. Bundan sonra Xüzeyməyə “züş-şəhadəteyn” (iki şahidilk sahibi) dedilər.
Xüzeymə İmam Əlinin (ə) tərəfdarlarından idi. Səqifə hadisəsində ənsar xəlifə seçkisi ilə məşğul olduğu zaman Xüzeymə Ğədir-Xum hədisini yada salaraq, Səqifədəki seçkinin düzgün olmadığını bildirdi. O, Cəməl və Siffeyn savaşlarında İmam Əlinin (ə) tərəfində döyüşdü. Siffeyn savaşında Əmmar ibn Yasir şəhid olduqdan sonra Xüzeymə Həzrət Peyğəmbərin: “Əmmarı azğın bir dəstə öldürəcək” hədisini xatıralyıb silahını götürdü və Müaviyənin qoşununa hücum etdi, igidliklə vuruşub şəhid oldu.
İslam.az