Xristian-baptist təşkilatının üzvü olmaqda günahlandırılaraq həbs olunan Zaqatalanın Əliabad kənd sakini Zaur Balayev 2 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Z. Balayevin ailə üzvləri məlumat veriblər.
Onların sözlərinə görə, Z. Balayev dini baxışlarına görə həbs olunub: "Biz dini tolerantlığın və vicdan azadlığının bərqərar olduğu ölkədə yaşayırıq. Dövlət qanunvericiliyinə əsasən, hər bir kəs istədiyi dini qəbul edə, onun təbliğatı ilə məşğul ola bilər. Təəssüflər olsun ki, Zaur dini baxışlarına görə həbs edilib. Lakin sonradan polisə müqavimət göstərməkdə ittiham olundu və 2 il azadlıqdan məhrum edildi". Z. Balayevin ailə üzvləri Apelyasiya Məhkəməsinin də şikayəti təmin etmədiyini bildirib, ölkə başçısına müraciət etməyə hazırlaşdıqlarını söyləyiblər.
Qeyd edək ki, Z. Balayev 20 may 2007-ci ildə baptist təşkilatının üzvü olmaqda təqsirli bilinərək dini baxışlarına görə saxlanılıb. Sonradan isə o, polisə müqavimət göstərməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilib. Əlavə edək ki, hazırda Zaqatalanın Əliabad kəndində 80 nəfərə yaxın baptistin olduğu, onların kənddə fəaliyyət göstərən 3 məbəddə toplandığı barədə məlumatlar var.