Həqiqətənmi, Həzrət Mühəmməd Peyğəmbər (s) öz ögey oğlunun boşadığı qadınla evlənmişdir?
Burada söhbət ümmül-möminin Zeynəb bint Cəhşdən gedir. O, Peyğəmbərin doğma bibisi qızı idi. Zeynəb İslamı ilk qəbul edən qadınlardan olmuşdur. Həzrət Mühəmməd Peyğəmbər (s) onu oğulluğu Zeyd ibn Harisəyə ərə vermək niyyətində idi. Zeynəb bundan xəbər tutan kimi keçmişdə kölə olmuş bir adama ərə getməyi özünə əskiklik saydı. Yalnız Quranın “Allah və peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. Allaha və Onun peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır” (Əhzab, 36) ayəsi nazil olduqdan sonra Zeynəb bu izdivaca razılıq verdi.
Lakin onların ailə həyatı uğurlu olmadı. Zeynəb Qüreyş soyundan olmasə ilə fəxr edir və Zeydə həqarətlə baxırdı. Zeyd dəfələrlə boşanmaq istəyini Peyğəmbərə bildirsə də, Peyğəmbər hər dəfə onu səbrli olmağa çağırırdı. Nəhayət, vəziyyət dözülməz həddə gəlib-çatdı və Zeyd Zeynəbə talaq verdi.
Bundan bir neçə ay sonra nazil olmuş ayənin hökmünə əsasən (Əhzab, 37-38) Peyğəmbər özü Zeynəblə evləndi. Bu hərəkəti doğuran səbəblərdən biri dul qalmış Zeynəbi himayəyə almaq istəyi idisə, başqa bir səbəb İslam dinində oğulluğun boşadığı qadınla evlənməyə icazə verildiyini müsəlmanların diqqətinə çatdırmaq idi. O zamana kimi ərəblər bu cür evliliyə pis baxırdılar. Peyğəmbər öz timsalında bu işin caiz olduğunu sübuta yetirdi.
İslam.az