Həcc ziyarətinə qatılan azərbaycanlı hacıların vətənə dönüşü davam edir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc ziyarətində iştirak edən nümayəndəsi Həmdulla Babayev APA-ya açıqlamasında Azərbaycandan Həcc ziyarətinə yollanan sonuncu avtobusun bu gün ölkə ərazisinə daxil olacağını deyib: "Bizim avtobusdan başqa bütün avtobuslar artıq Azərbaycana çatıb. Biz isə bu axşam ölkəyə daxil olacağıq".
H. Babayev hacıların təyyarə ilə qayıdışının davam etdiyini də söyləyib: "Artıq iki təyyarə reysi ilə hacılar Azərbaycana qayıdıblar. Digər reyslərin isə sabah və o biri gün baş tutacağı gözlənilir".
QMİ rəsmisi bütün hacıların səhhətinin normal olduğunu da açıqlayıb.
Qeyd edək ki, bu il Azərbaycandan həcc ziyarətində 2 min nəfər iştirak edib.