"Nərimanov rayon dindarları" dini icması Əbu-Bəkr məscidinin fəaliyyətlərinin bərpası ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Hacı Allahşükür Paşazadəyə müraciət edib.
Dini icmadan APA-ya daxil olan məlumata görə, müraciətdə dini icmanın qeydiyyatı məsələsinin Nərimanov rayon icra hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həll olunmadığı bildirilir. Qeydiyyat məsələsi ilə bağlı vaxtın məhdud olmasını və icmanın yenidən dövlət qeydiyyatına alınması üçün lazım olan bütün sənədlərin hazır olmasına baxmayaraq müraciət müəllifləri hüquqi ünvan haqqında arayışın verilmədiyini bildiriblər. İcma rəhbərliyi problemin süni olaraq yaradıldığını qeyd edib, yaradılmış problemin həlli ilə bağlı QMİ sədrindən buna yardım etməyi istəyiblər.
Qeyd edək ki, Əbu-Bəkr məscidi 2008-ci il avqust ayında baş verən terror aktından sonra bağlanılıb.