"Son günlər ölkənin bəzi bölgələrində, o cümlədən Sumqayıt şəhərində və şimal rayonlarında vəhhabilərin fəallaşması ilə əlaqədar hüquq-mühafizə orqanları birgə fəaliyyət göstərir". APA-nın məlumatına görə, bu sözləri baş prokurorun 1-ci müavini Rüstəm Usubov deyib.
Onun sözlərinə görə, bu günə kimi vəhhabiliklə bağlı bir neçə cinayət işinin istintaqı aparılır: "Hazırda Qusar rayon Prokurorluğunda vəhhabiliklə bağlı cinayət işinin istintaqı gedir. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsində vəhhabiliklə bağlı cinayət işi başlanıb, vəhhabiliklə məşğul olan 6 nəfər həbs olunub. Onların evlərində axtarışlar aparılıb, xeyli döyüş sursatı aşkarlanıb. İstintaq yolu ilə müəyyən olunub ki, həmin şəxslər vaxtilə ərəb ölkələrində təlimlər keçib, bəzi təşkilatların tərkibində müharibələrdə iştirak ediblər. Belə şəxslərin Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərməsinin qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınır".