Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Azərbaycan gəncliyi" qəzeti Avropa mətbuatında Məhəmməd peyğəmbərin karikaturalarının dərci ilə bağlı mətbuat konfransı keçirib. Qəzetin təsisçisi İlqar İlyasov bildirib ki, beynəlxalq aləmdə Məhəmməd peyğəmbərin təhqir olunmasına ikili münasibət bəslənilir. Onun sözlərinə görə, 11 sentyabr hadisələrində böyük dövlətlər konkret mövqe nümayiş etdikləri halda, Məhəmməd peyğəmbərlə bağlı məsələdə fikir ayrılığı var: "Azərbaycandakı müvafiq dini orqanlar da məsələyə sakit yanaşırlar. Biz heç kimi günahlandırmırıq. Sadəcə, peyğəmbərimizə qarşı təhqirlərə son qoyulmasını və dünya müsəlmanlarından üzr istənilməsini tələb edirik".
Müstəqil jurnalist Elnur Aslanbəylinin fikrincə, bu məsələyə dinlərin qarşıdurması kimi baxılmamalıdır: "Son olaylar göstərdi ki, islam və xristian dinlərindəki radikal təmayüllər arasında mübarizə gedir. Əlbəttə, belə bir hadisəni səfirliklərin binalarının yandırılması ilə yox, danışıqlar masasında həll etmək mümkündür".