Bakupost - Azərbaycanda din və məzhəb məsələləri heç vaxt geniş müzakirə predmeti olmayıb. Buna səbəb milli cəmiyyətin dözümlülüyüdür. Son vaxtlar isə qəribə transformasiyalar ucbatından vəziyyət kəskin şəkildə dəyişir. Dini təriqətlər, məzhəblərdən istifadə meyilləri üzə çıxmaqla süni gərginlik dalğası yaradır, müxtəlif insanlara, tanınmış simalara yarlıqlar vurmaq cəhdləri adiləşir.
Müşahidələr xarici qüvvələrin bu kimi proseslərdə maraqlı olduğunu təsdiqləyir. Lakin ölkədəki sabitliyi pozmaq cəhdlərinə bəzi yerli qrupların dəstək verməsi də məlum olur.
Mövcud vəziyyətlə bağlı din məsələləri üzrə ekspert Elçin Əsgərov Bakupost.az-a müsahibəsində bunları bildirir:
- Ekspert kimi təriqətlərlə bağlı Azərbaycanda vəziyyətin süni surətdə gərginləşməsinin qarşısını almaq üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?
- İlk növbədə, bu gündəmi qarışdıran mənbələri müəyyənləşdirib, onların havadarları cəzalandırılmalıdır. Çünki onların çoxu təkbaşına iş görmək iqtidarında deyil.
İkincisi, Azərbaycanda məzhəblərarası zəmində problemlər demək olar ki, mövcud olmayıb. Yalnız radikal vəhhabilər bu gərginliyin yaranmasında maraqlıdırlar. Bu bəzilərinin dediyi “sünni-şiə” gərginliyi deyilən bir şey deyil. Bu gərginlik özlərini sünni adlandıran və bu ada yeganə iddialı olan vəhhabilərlə şiələrin və vəhhabilərlə ənənəvi sünniliyin arasında olan gərginlikdir. Çünki radikal vəhhabilər şiələri ittiham etdiyi kimi, ənənəvi sünniləri də bidətdə ittiham edirlər.
Amma yalnız özlərini əsil sünni elan edib, radikallığa qarşı olan tədbirləri guya ki, sünnilərə qarşı olan təzyiq kimi qələmə verməyə çalışırlar. Gərginliyin mənbəyi bunlardır. Bunlar bu siyasətlərindən əl çəkməli, cəmiyyətimizdə tarixən mövcud olan dözümlülüyə hörmətlə yanaşmalıdırlar, ya da onların bu siyasət və təbliğatlarının qarşısı dövlət tərəfindən alınmalıdır.
Üçüncüsü isə, Azərbaycanın Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin timsalında bu istiqamətdə son 1-2 ildə apardığı maarifləndirmə və dialoq istiqamətli fəaliyyətləri daha aktiv və ardıcıl davam etdirilməlidir.
- Sirr deyil ki, indi də “Hizbullah” məsələsi ortaya atılır. Bəzi adamların da bu kontekstdə adı hallanır, o cümlədən, sizin də. Bu nə ilə əlaqəlidir?
- Bilirsiniz, bu iddia mənə qarşı yönəlməmişdi. Bu iddia bir müddətdir ki, Azərbaycanda ən müxtəlif qruplara aid ictimai fəal insanların və hətta dövlət məmurlarının ləkələnməsinə yönəlmiş təbliğat kampaniyasının bir hissəsi idi.
Kimini nurçu olmaqda, kimini ərəblərdən pul almaqda, kimini “Hizbullah”a yardım etməkdə ittiham edirdilər. Bu kampaniyanın başlama zamanı da əlamətdardır: radikal vəhhabi qrupların təhlükəsi haqda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ-nin) məlum bəyanatından və radikallığa qarşı tədbirlər görmək çağırışından dərhal sonra ilk olaraq hörmətli Şeyx-ül-İslama qarşı başladı və digərlərini də əhatə edərək davam etdi. Əsas hədəflər isə ictimai fəal insanlar oldu.
Fikir vermisinizsə, bu anonim mənbələr tərəfindən bir nəfər də olsun vəhhabilikdə ittiham olunmayıb. Yalnız vəhhabiliyə qarşı olanlar və vəhabiliyin bəyənmədiyi adlarla ittiham olunur. Bu da zərbənin hardan gəldiyini açıq göstərir.
Hesab edirəm ki, bütün bu proseslər həqiqətən də radikal vəhabi qrupların nə qədər təhlükəli olduğunu və nə qədər oturuşduqlarını göstərmiş olur.
Dini sahənin araşdırılması ilə 20 ildən artıqdır məşğul olduğum və əksəriyyətini tanıdığım üçün, bu məlumatları yayanların bəzisinin adını da çəkə bilərəm.
- Deməli, planlaşdırılmış kampaniyalar yalnız bir mərkəzdən hazırlanır?
- Təəssüf ki, digər məsələlər də var. Vəhhabiliyi qorumaq və diqqəti ondan yayındırmaq istəyənlərin kampaniyası başlayan kimi, kimlərsə vəziyyətdən istifadə edib özlərinə rəqib saydıqları məmurları və ictimai fəalları ləkələməyə qalxdılar, radikalların bu planlarına qoşuldular. Anonim mənbələrin və adsız profillərin çoxluğu, məlumatlarn bəzilərinin bir KİV-də, digərinin isə sosial şəbəkələrdə və başqa KİV-də getməsi də bununla bağlıdır.
- “Hizbullah” Azərbaycanda mövcuddurmu? Əgər belə bir şəbəkə varsa, onun Azərbaycanla bağlı hədəfləri nə ola bilər?
- Təəssüf ki, bizim mətbuatda belə ənənə var ki, bilmədiyi məsələləri araşdırmadan, elə ağızdan ağıza gəzən sözləri fakt və dəqiq məlumat kimi istifadə edir. “Hizbullah” haqda yayılan məsələlər müxtəlif zamanlarda ortaya atılır.
Təşkilat olaraq “Hizbullah” yalnız Livanda mövcud olan siyasi təşkilatdır. Partiyadır, siyasi və hərbi qanadı var, seçkilərdə iştirak edir, parlamentdə deputat kürsüləri var. Siyasi qurum olaraq yalnız Livanın siyasi həyatında iştirak edir, hərbi qanadı isə əsas məqsədi kimi ölkəni İsrailin təcavüzündən qorumaq olduğunu bəyan edib.
80-ci illərdən indiyədək Livana olan müdaxilələrə ən aktiv müqavimət göstərib və ona görə də İslamın şiə qanadına məxsus bir hərəkat olsa da, Livanda qeyri müsəlmanlar arasında da nüfuzu kifayət qədər güclüdür. Regionda İsrailin Fələstin ərazilərinə hücumu zamanı “Həmasa” da İsrailə qarşı əməliyyatlara dəstək verib.
Bu gün “Hizbullah”ın Suriyada da iştirakı var. Bu da Suriyanın İsrailə və radikal qruplara qarşı mübarizəsində onun müttəfiqi olması ilə əlaqəlidir.
Hətta bir faktı da qeyd edim, ABŞ-ın “Hizbullah”ı terror təşkilatı elan etməsinə baxmayaraq, BMT uzun müddət onu terror təşkilatı kimi tanımaqdan imtina edib. Odur ki, nəinki Azərbaycanda, hər hansı başqa ölkədə “Hizbullah”ın şəbəkə və ya təşkilatının olmasını iddia etmək yanlışdı. “Hizbullah” beynəlxalq təşkilat deyil.
Səhv təsəvvürün yaranmasının əsas səbəbi İranda “Hizbullah”a rəğbətin çox olması ilə bağlıdır. İranda əvvəllər özünü canfəşan islamçı sayanları tərifləmək üçün “hizbullah kimidir” ifadəsi işlənər. İranla münasibətləri çox yaxın olsa da, “Hizbullah” təşkilatı İranın yetirməsi və ya proyekti deyil, sırf Livan məhsuludur. Sadəcə İsrailə qarşı İranla müştərək əqidəyə malik olduqlarından güclü dəstək alırlar. Lakin “Hizbullah”ın başqa ölkələrdə, o cümlədən Azərbaycanda inkişaf planı haqda heç bir məlumat yoxdur.
- Bəzən bütün cinahlar belə məsələlərə görə məhz medianı suçlayır. Bu məsələlərin şişirdilməsində medianın rolunu necə qiymətləndirmək ola?
- Mən müxalifət mətbuatını gözəl başa düşürəm, onlar üçün hakimiyyətə yaxın məmur və ictimai fəalların bu cür ləkələnməsi göydəndüşmə fürsətdir və istənilən bu tipli məlumatı anonim də olsa verəcəklər. Lakin öz ambisiyaları xatirinə, cavabdeh olduğu işini-gücünü atıb bu prosesdə iştirak edən məmurlara nə ad vermək olar, bunu deyə bilmirəm.
Bu proses dayanmasa, tək konkret şəxslər arasında deyil, cəmiyyətdə də ideya təbəqələşməsi artacaq. Onsuz da mətbuatda bu təbəqələşmə baş verib.
Mediaya aid əsas qınaq bununla bağlıdır ki, anonim və adsız, açıq aşkar yalan olduğu bilinən materialları ya reytinq xatirinə, ya da sifarişlə fakt kimi verir.
Özünə hörmət edən redaktor belə məlumatı buraxmaz. Mətbuat nümayəndələri ilə uzun illərdir münasibətim var. 15 il əvvəl redaktorların əksəriyyəti belə anonim materialı çapa buraxmazdı.