"Rayon ərazisində gürcü kilsəsinin bağlanması haqda yayılan məlumatlar təxribatdır"
"Qax rayonunda gürcü kilsəsinin bağlanması haqda yayılan məlumatların əsası yoxdur. Rayon ərazisində heç bir kilsə bağlanmayıb və gürcü icmasının yaşadığı ərazilərdə 5 kilsə fəaliyyət göstərir". Bu barədə ANS PRESS-in bölgə müxbirinə Qax icra hakimiyyəti başçısının müavini Ziyafət Xasıyeva məlumat verib.
O, bildirib ki, guya bağlanması haqqında məlumat yayılan yer- Kürmük məbədi tarixi abidədir və həmin məbəd dini fəaliyyət üçün dövlət qeydiyyatından keçməyib: "Kürmük məbədi bu günə qədər necə fəaliyyət göstərmişdisə, bu gündən sonra da onun fəaliyyəti davam etdiriləcək. Buna heç kəs qadağa qoya bilməz. Bu, tarixi abidədir. Tarixi abidə kimi qapısı daim onu ziyarət edən turistlərin üzünə açıqdır".
Qeyd edək ki, Qaxda 20-dən artıq millətin nümayəndəsi yaşayır. Gürcü mənşəli sakinlər isə rayon əhalisinin 14 faizini təşkil edirlər. Gürcü əhalisinin məskunlaşdığı 5 kəndin hər birində kilsə fəaliyyət göstərir. Qax icra hakimiyyətindən bildirilib ki, gürcülərin Kürmük kilsəsi kimi təqdim eidiyi tikili qədim alban məbədidir və bu yer bütün bölgə əhalisinin ziyarətgahı hesab olunur.